Son günlər göz xəstəliklərinin artmasının səbəbi nədir?

"Bütün dünyada fəsil dəyişkənliyi ilə əlaqədar olaraq, göz xəstəliklərində artım müşahidə edilir".
Bunu TNS-ə həkim-oftalmoloq Qurban İsmayılov deyib.
Onun sözlərinə görə, müasir dövrdə fəsil dəyişkənliyi ilə bağlı konyunktivit daha çox yayılıb: "Virus xəstəliklərinin artmasına görə viral konyunktivitlər daha çox yayılır, inkişaf edir. Konyunktvitlərin əsas əlamətlərindən biri gözdə yad cisim hissiyatının olmasıdır. Məhz buna görə xəstələr daima gözünü qaşıyır. Nəticədə gözlərinə bakterial infeksiya salırlar".
Həkim qeyd edib ki, viral konyunktvitlərin əsas müalicəsi konservativdir: “Buynuz qişanın epitel qatının tamamının pozulmaması üçün mütləq göz nəmləndiricisindən istifadə olunur. Bununla yanaşı, antibiotik və steroid qarışıqlarının tətbiqi məqsədəuyğun sayılır".
Həmsöhbətimiz əlavə edib ki, viral konyunktivitlərin dərinləşməsi, buynuz qişanın epitel qatının tamlığının pozulması, gözdə infeksiyaları yayılması göz almasının deşilməsinə səbəb ola bilər.
Mərahim Nəsib