Bu xəstələrin sayı 8 dəfə artıb: “Rəsmi rəqəmlər real rəqəmlərdən dəfələrlə azdır”

2000-ci ildə Azərbaycanın tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 42448, 2022-ci ildə isə 320982 nəfər olub. 22 ildə diabet xəstələrinin sayının 8 dəfəyədək artması ciddi narahatlıq doğurur.
Mövzu ilə bağlı TNS-ə açıqlama verən endokrinoloq Hidayət Məmmədzadə deyib ki, şəkərli diabet hazırda əsrimizin epidemiyası halına gəlmiş bir xəstəlik kimi təbabətin çox ciddi və aktual problemidir: “Günümüzdə şəkərli diabetə səbəb olan əsas amillər həyat tərzilə bağlıdır. Bu amillərin sayı çox olsa da, onlardan ən vacibləri genetik yaxınlıq, qeyri-sağlam qidalanma, artıq çəki, oturaq həyat tərzi, ekoloji tarazlığın pozulması, zərərli vərdişlər, kompüter, smartfon və digər cihazlardan həddən artıq istifadədir. Qeyd etmək lazımdır ki, son illər şəkərli diabet xəstəliyi gənclər və uşaqlar arasında geniş yayılıb. Beynəlxalq Diabet Federasiyasının (IDF - 2021) dərc etdiyi statistikaya əsasən, dünya üzrə diabet xəstələrinin sayı 537 milyon nəfərdən artıqdır. Planetimizdə hər 11 nəfərdən birində şəkərli diabetin aşkarlandığını nəzərə alsaq, ölkəmizdə diabet və prediabet xəstələrin sayı milyona yaxındır”.
Xəstəliyin yayılmasının qarşısının alınması mümkünlüyünə gəlincə, həkim bunun mümkün olduğunu bildirib: “Bunun üçün riayət olunmalı məqamlar düzgün qidalanmaq, stresli situasiyalardan mümkün qədər uzaq durmaq, aktiv həyat tərzi keçirməkdir. Bunlar xəstəliyi tam müalicə etməsə də, geniş yayılmasının və ağırlaşmasının qarşısını əhəmiyyətli dərəcədə alır. Amma sadalanan əlamətləri özünüzdə müşahidə etdiyiniz zaman etməli olduğunuz ilk şey həkimə müraciət etməkdir. Müxtəlif türkəçarə və elmi standartlara cavab verməyən üsullarla qiymətli vaxtınızı itirməyin.
Şəkərli diabet qədər qidalanmadan asılı ikinci bir xəstəlik yoxdur. Bu baxımdan doğru-düzgün qidalanma çox vacibdir. Şəkərli diabet diaqnozu qoyulmuş pasiyentlərimizə isə verə biləcəyim məsləhətlər bunlardır: qanda şəkərin miqdarını nəzarətsiz buraxmasınlar, mütamadi olaraq endokrinoloq nəzarəti altında olsunlar, altı ay fasilə ilə kardioloq müayinəsindən keçsinlər, ən gec ildə bir dəfə gözlərini müayinə etdirsinlər. Çünki şəkərli diabet müalicə olunmadıqda görmə qabiliyyətinin itirilməsinə, ayaqların amputasiyasına gətirib çıxara bilər. Başlı-başına buraxılan diabet xəstəliyi ağciyər vərəminin inkişafına da səbəb ola bilər. Bunun qarşısını almaq üçün əks-göstəriş yoxdursa, hər il qış aylarında qrip əleyhinə peyvənd olunmaq vacibdir. Lakin bunlar ancaq həkimlə məsləhətləşərək yerinə yetirilməli və onun təyin etdiyi müalicə üsullarından kənara çıxılmamalıdır. Düzgün müalicə edilən və nəzarət altında saxlanılan şəkərli diabet xəstələri uzun illər sağlam ömür sürə bilərlər”.
Endokrinoloq Fərhad Burzu isə TNS-ə bildirib ki, şəkərli diabetin digər xəstəliklərdən əsas fərqi bu xəstəliyin uzunmüddətli gizlilik dövrünün olmasıdır: “İnsanlar uzun müddət xəstə olduqlarının fərqində olmaya bilərlər. Xəstəlik müəyyən müayinələr, cərrahi əməliyyatlar və s. nəticəsində aşkarlanar. Tibbi diabet istisna olmaqla, birdən-birə kəskin diabetə yoluxma ehtimalı yoxdur. Bədəndəki metobolik vəziyyət tədricən inkişaf edir. Tədricən inkişaf etmiş diabet daha ciddi təzahürlər şəklində özünü büruzə vermədiyi üçün pasiyentlər bu xəstəliyə yoluxduqlarından əmin olmaya bilərlər. Rəsmi qeydiyyatdan keçmiş xəstələrlər yanaşı, qeydiyyatdan keçməmiş, müəyyən özəl tibb müəssisələrində müalicə alan, şəkərli diabet olduğunu bilməyən bir çox insan var”.
Endokrinoloq qeyd edib ki, bu, bütün dünyada belədir. Məsələn, ABŞ-da rəsmi qeydiyyatdan keçmiş 37 milyon nəfərə yaxın diabetli xəstə var: “Qeydiyyatdan keçməmiş və şəkərli diabet olduğunu bilməyən 10 milyona yaxın insanın olduğu düşünülür. Ölkəmizdə şəkərli diabet xəstələrinin sayının artması müşahidə olunur. Dünya əhalisinin 10-13 faizinə bu diaqnoz qoyulub”.
Ölkəmizdə əvvəlki illərdə rəqəmlərin aşağı olmasını təchizatın aşağı olması ilə əlaqələndirən həkim əlavə edib ki, hazırda bu sahədə ciddi irəliləyişlər var: “Təchizat sürətlə yaxşılaşır, pasiyentlərin dərman təminatı daha uğurlu şəkildə həyata keçirilir. Buna görə insanlar dövlətin təyin etdiyi dərman preparatlarını əldə etmək üçün dövlət tibb müəssisələrində qeydiyyat proseslərini həyata keçirirlər. Ümumiyyətlə, ölkəmizdə də 10-13 faiz aralığında diabetli xəstənin olduğu düşünülür. Hazırda qeydiyyatdan keçmiş 320 minədək xəstə var. Özəl xəstəxanalarda müalicə olunan, qeydiyyatdan keçməyən, öz xəstəliyini bilməyən insanları da əlavə etsək, bu rəqəmin 600 min nəfər civarında olduğunu deyə bilərik”.
Fərhad Burzu xəstəliklə bağlı öz tövsiyələrini də verib: “Profilaktik müayinələr edilməlidir. Bu erkən diaqnozun qoyulmasına gətirib çıxaracaq. Bilirsiniz ki, ürək- damarı xəstəlikləri üzrə ölüm sayına görə dünyada yuxarı yerlərdəyik. Bu statistakının artmasının bir səbəbi də şəkərli diabetdir.
Qan dəyərləri, qandakı şəkərin miqdarı mütəmadi yoxlanılmalı, qidalardan sadə şəkərlər çıxarılmalıdır. Çox yürüş, hərəkət, sağlam qidalanma bunun qarşısını ala bilər”.