Close

Bu dərmanlar tibbi sığortanın xidmətlər zərfinə daxildir və xəstələrə pulsuz verilir - RƏSMİ

"Düşünürəm ki, dünyada olduğu kimi, Azərbaycanda da dərman preparatları icbari tibbi sığorta sisteminə daxil edilməlidir. Təbii ki, hansı dərmanların icbari tibbi sığorta zərfinə daxil edilməsi müəyyənləşməlidir. İcbari tibbi sığorta zərfinə aid olmayan dərman vasitələrinin satışının necə olacağı da dəqiqləşdirilməlidir".

Bunu TNS-ə həkim-terapevt Rasif Bağırov deyib.

ic-2

Onun fikrincə, bir mexanizm hazırlanmalıdır: “Bu mexanizm işlək vəziyyətə gətirilsə, insanlarımız üçün çox faydası olar. Düşünürəm ki, bahalı dərmanlar bu siyahıya daxil edilməyəcək. Qiyməti yüksək olan dərman preparatları beynəlxalq təcrübədə də yalnız və yalnız ödənişlə əldə edilir. İstənilən halda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dərman vasitələri ilə bağlı hədəfləri çox müsbətdir. Ümidvaram ki, biz müəyyən müddətdən sonra bu istiqamətdə irəliləyişlərin şahidi ola bilərik. Dərmanların icbari tibbi sığorta vasitəsilə təminatı aşağıbüdcəli ailələr üçün əlverişli şərait yaradacaq".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə TNS-ə bildirib ki, icbari tibbi sığorta sosial müdafiənin mühüm elementlərindən biridir.

ic-1

“İcbari tibbi sığorta sağlamlıqla bağlı nə qədər çox sahəni əhatə etsə, cəmiyyətimiz bir o qədər fayda görmüş olar. Hazırda ölkəmizdə icbari tibbi sığortanın fəaliyyət istiqamətləri genişləndirilir. Təbii ki, bunlar müsbət tendensiyalardır. Amma bu sahədə işin təşkilində müəyyən qüsurlar mövcuddur. Düşünürəm ki, həmin qüsurlar da tədricən aradan qaldırılacaq. İlk növbədə randevu sisteminin tam qaydaya salınması vacibdir. Çünki insanları daha çox narazı edən faktorlardan biri növbə sıxlığıdır”, - o bildirib.

Adil Qeybulla əlavə edib ki, Azərbaycan dərman istehsal edən ölkə deyil.

“Biz dərman idxalından asılı ölkəyik. Buna görə bəzi dərman preparatlarının qiymətləri çox bahadır. Bu məsələdə çıxış yolu yavaş-yavaş dərman vasitələrinin ölkəmizdə istehsalına başlamaqdır. Hesab edirəm ki, başladılan bu proses mütləq şəkildə davam etdirilməlidir", - deyə Adil Qeybulla bildirib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən TNS-ə bildirilib ki, hazırda stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxildir.

“Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf də icbari tibbi sığorta ilə qarşılanır. Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri isə icbari tibbi sığorta təminatına daxil deyil.

Gələcəkdə reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələlərin işlənilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev gələcəkdə dərman təminatının icbari tibbi sığorta çərçivəsində həll olunmasının hədəfləndiyini bildirib.

Bünyamin Bünyadzadə