Close

Ölüm mənbəyi olan qidalar - Onlardan niyə imtina edə bilmirik?

Bütün dünyada geniş yayılmış “fast food” restoranları şəbəkələrinin təqdim etdiyi qidalar xüsusi dadına, diqqətçəkən görüntüsünə görə insanların vaz keçilməzinə çevrilib.

Hətta ölümcül zərərləri olduğu bildirilən bu qidalar haqqında mütəmadi yayılan məlumatların, həkim tövsiyələrinin təsiri həmin yeməklərə olan tələbatı azaltmır.

Həkim-qastroenteroloq Habil Hüseynov TNS-ə deyib ki, belə qidaların texniki emalı tam olmadığı üçün istənilən halda növbəti mərhələlərdə müəyyən fəsadlara yol açır: “Ölkəmizdə bu kimi qidaların ən populyarı dönərdir. Bu cür qidalar tam şəkildə bişirilmədiyi üçün insan orqanizminə çox böyük zərər vura bilir. Belə qidalara qatılan xüsusi dadlandırıcı maddələr mədə-bağırsaq sisteminin fəaliyyətinə mənfi təsir göstərir. Çünki mədə-bağırsaq sistemi birbaşa beyinlə əlaqəlidir”.

Onun sözlərinə görə, "fast food" adlandırılan qidaların görüntüsü, qoxusu nə qədər xoş olsa, orqanizmin onlara verdiyi reaksiyalar o qədər böyük olur: “Bizim bilmədiyimiz, qida texnoloqlarının sirr saxladığı məqamlar da var. Hər bir qida markasının öz biznes sirri olur. Bu səbəbdən həmin qidaların tərkibini çözə bilmirik. Misal üçün qlütamas maddəsi var ki, onun dadını izah etmək çətindir. Bu maddə insan orqanizmində ciddi asılılıq yaradır”.

qida

Həkim bildirib ki, uşaq orqanizmi inkişaf etməkdə olduğu üçün daha çox zərər görür: “Uşaqların bədənində proseslər sürətlə gedir. Bu baxımdan zərərli maddələrin mənfi təsiri də sürətli olur. Təəssüf ki, zərərli qidalara insanlar daha çox meyl edir. Bu qidalar daha tez hazırlandığı, gəliri çox olduğu üçün sürətlə yayılır. Ona görə onlar çoxalmaqdadır. Sağlamlığını düşünən hər kəs mümkün qədər təbii qidalara üstünlük verməlidir. Onsuz da kifayət qədər geni dəyişdirilmiş, müxtəlif həşəratların geninin bitkilərə köçürülməsi nəticəsində hazırlanmış qidalara rast gəlirik. Bu qidaların mənfi təsiri özünü dərhal göstərməsə də, müəyyən zamandan sonra çox böyük fəsadlara yol açır. Valideynlər həm özlərini, həm övladlarını mümkün qədər qeyri-təbii qidalardan qorumalıdırlar. Geni dəyişdirilmiş və zərərli olan belə qidaların gələcəkdə hansı bəlalara yol açacağını heç kim bilmir. Bunun üçün insanlarımız zərərli qidalardan birdəfəlik imtina etməlidirlər. Gələcəyimizi, uşaqlarmızı nəfsimizə qurban verməməliyik".

Bünyamin Bünyadzadə