Pediatr: “Bu uşaqlar müalicə olunmasa, başqalarını da yoluxdura bilərlər”

"Yeni dərs ili xüsusilə nervoloji uşaqlar üçün stressli dövr hesab olunur. Tam psixoloji sağlam uşaqlar üçün isə yeni dərs ilinin başlaması sevindiricidir”.
Bunu TNS-ə pediatr, nevroloq Röyanə Quluzadə deyib.
Həkim bildirib ki, şagirdlərin məktəbə hazırlığı onların fiziki və psixi vəziyyətindən asılıdır: “Fiziki və psixi sağlam uşaq üçün yeni məktəb dövrü çox xoş olur. Lakin nervoloji cəhətdən və psixoloji problemləri olan uşaqlar üçün isə bu mövsüm hər zaman gərgin keçir. Bu səbəbdən də valideynlər belə uşaqlara qarşı xüsusi diqqətlə yanaşmalıdır".
Onun sözlərinə görə, mütləq şəkildə nervoloji problemləri olan uşaqların müayinə və müalicəsi gecikdirilməməlidir: “Misal üçün qidalanmasında çətinlikləri olan uşaqlar mütləq müalicə olunmalıdır. Uşaq ət və meyvə-tərəvəzi sevmirsə, mütləq həkim tərəfindən yoxlanılmalıdır. Adətən belə uşaqların vitamin çatışmamazlığı olur. Bundan başqa, belə uşaqlarda qurd xəstəlikləri də aşkarlanır. Bütün bunları nəzərə alaraq, səhhətində narahatlıq olan uşaqların həm psixi, həm də fiziki müayinəsi zəruridir. Əks halda, qurd və digər xəstəliklər onların vasitəsilə başqa uşaqlara da ötürülə bilər. Bu kimi xəstəliklər bir qayda olaraq oral və fokal təmaslar nəticəsində qarşı tərəfi də yoluxdura bilir”.