Sağlam və gur saçlara sahib olmaq üçün - 9 “qızıl” qayda

Yaş irəlilədikcə qadın və ya kişi olmasından asılı olmayaraq, hamıda saçla bağlı problemlər yaranmağa başlayır. Saçların ağarması, tökülməsi (kişilərdə keçəllik), keyfiyyətini itirməsi hər kəsi narahat edir. Saçları qorumağın müxtəlif yolları var.
TNS onlardan bəzilərini diqqətinizə çatdırır:
1. Saça uyğun şampundan istifadə edilməlidir
Məlumdur ki, saçlar yağlı, quru, kəpəkli, boyalı ola bilər. Şampun alarkən hər kəs öz saç tipinə uyğun olanını seçməlidir.
2. Saçlar yuyularkən suyun istiliyinə diqqət edilməlidir
Çox isti su ilə saç yumaq saç diblərinin zədələnməsinə səbəb olur. Soyuq su isə saçlardakı kiri yaxşı təmizləməyə bilər. Belə olan halda ilıq su seçilməlidir.
3. Təbii bitki yağlarından istifadə
Saça qulluğunda ən vacib məqamlardan biri də təbii bitki yağlarından istifadədir. Məsələn, arqan yağı saçı bəsləyir və canlı göstərir. Kokos yağı nəmləndirir, badam yağı qurumasının qarşısını alır.
4. Saçların dincəlməsi şərtdir
Hər gün fendən istifadə saçların və saç dərisinin zədələnməsinə səbəb olur. Buna görə, arada saçları istilikdən uzaq tutmaq lazım gəlir. Saçlara fen və ya digər elektrikli alətlərlə forma verilməsini arada dayandırmaq önəmlidir.
5. Saçlar qurudularkən diqqətli olmaq şərtdir
Yuyulan saçların fenlə yox, təbii yolla quruması önəmlidir. Fendən istifadə məcburiyyəti olduqda isə aşağı istilik seçilməlidir. Çünki yeni yuyulmuş saçlar yüksək dərəcədə istiliyə məruz qaldıqda daha tez zədələnə bilər.
6. Saçlar üçün nəmləndiricidən istifadə edilməlidir
Saçlar daranarkən darağa ilişib qopmaması üçün nəm olmalıdır. Bu səbəbdən nəmləndiricidən istifadə mütləqdir. Əks halda, saçlar daha çox tökülər və zəifləyər.
7. Tərkibində E vitamini olan qidalar qəbul edilməlidir
Sağlam saçların sirri E vitaminində gizlidir. E vitamini saçların uzanmasına, bəslənməsinə və canlanmasına yardım edər. Badam, fındıq, fıstıq, zeytun yağı, kokosi yağı E vitamini ilə zəngindir.
8. Mütəmadi olaraq, saç maskalarından istifadə edilməlidir
Evdə saçlara qulluq edilərkən mütləq maskalardan istifadə olunmalıdır. Sadəcə yumaqla saç təmizlənməz, canlanmaz. Ən az həftədə bir dəfə maskalardan istifadə şərtdir. Bunun üçün təbii ki, əvvəlcə saç tipinizi bilməlisiniz. Maskalar saçdan ilıq su ilə təmizlənməlidir.
9. Orqanik saç boyalarından istifadə edilməlidir
Tərkibində kimyəvi maddələrin çox olduğu boyalar qısa müddətdə saçları cansızlaşdırır, saç dərisinə zərər verir. Orqanik tərkibli boyaların zərəri nisbətən daha az olur. Boyama prosesindən sonra saçlara mütləq yumşaldıcı və nəmləndirici kremlər çəkilməlidir.