Şimali Makedoniya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
TNS xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
İcazə verin, milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan səmimiyyətlə təbrik edim, firavanlıq və tərəqqi arzularımı çatdırım.
Bu mühüm tarix Azərbaycan Respublikasının beynəlxalq arenada təkcə siyasi sahədə deyil, həm də texnologiya, innovasiya və elm sahələrində qəti addımlarla öz rolunu gücləndirməkdə davam edən əzmkarlığı, suverenliyi və inkişafı ilə əlamətdardır. Tarixlə müasirliyi mükəmməl şəkildə birləşdirən, uzun müddət yaddaşımda qalacaq bir ölkə olan Azərbaycana bu yaxınlarda rəsmi səfərim zamanı buna həqiqətən də əmin oldum.
Bu xoş fürsətdən istifadə edərək, qonaqpərvərliyinizə və ikitərəfli münasibətlərə yeni ruh və məzmun gətirəcəyinə əmin olduğum konstruktiv danışıqlara görə Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm.
Sizin strateji tərəfdaşlığa hazır olmağınızdan ruhlanaraq mən də böyük inamla və nikbinliklə qarşılıqlı maraq doğuran bütün sahələrdə, ilk növbədə enerji, ticarət, təhsil, mədəniyyət və elm sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün səylər göstərəcəyəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar arzulayıram.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı ifadə edirəm".