Prezident İlham Əliyevin Tiranada Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşü olub - FOTOLAR + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa Ittifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü olub.
TNS xəbər verir ki, Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyiblər.
Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edilib.
Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində roluna toxunub. Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu dedi, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğulayıb.
Ölkəmizin Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd etdi. Dövlətimizin başçısı Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da deyib.
Söhbət zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunuldu.
Avropa İttifaqı ilə əməkdaşlıq üçün bu istiqamətlərdə geniş imkanların olduğu qeyd edildi.
Görüşdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrə toxunuldu, bu sahədə də Avropa İttifaqı ilə əməkdaşlıq üçün böyük perspektivlərin mövcud olduğu vurğulandı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
12:11
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşü olub.
TNS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.