Prezident İlham Əliyev Fərman imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Fərman imzalayıb.
TNS xəbər verir ki, sözügedən Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 dekabr tarixli 437 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 576 (Cild I) 2.20-ci bəndindən “və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti” sözləri çıxarılsın.
2. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1658 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 319 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) 1-ci hissəsi ləğv edilsin".