Close

15:34
10 Mart 2025

Prezident Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavəni təsdiqlədi

Sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara da dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

TNS xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mənzil Məcəlləsinə olunan dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 612 (Cild I); 2024, № 5 (I kitab), maddə 489) aşağıdakı dəyişikliklər edilsin:

1. 48.1-ci maddəyə “gənclərə” sözündən sonra “, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara” sözləri əlavə edilsin.

2. 51-ci maddə üzrə:

2.1. 51.2-ci maddənin ikinci cümləsində “digər kateqoriyaya aid” sözləri “kateqoriyadan olan digər” sözləri ilə əvəz edilsin və həmin cümləyə “həmin vətəndaş” sözlərindən sonra “bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 51.2-1-ci maddə əlavə edilsin:

“51.2-1. Bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 fevral 2025-ci il