Close

Torpaqların bir kateqoriyadan digərinə keçirilməsinə dair müraciətlərə baxılmayacağı ilə bağlı hallar müəyyənləşib

Ölkənin makroiqtisadi və ərazinin iqtisadi inkişaf istiqamətlərinə uyğun olmadıqda torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsinə və məqsədli təyinatının dəyişdirilməsinə dair müraciətlərə baxılmasından imtina ediləcək.

TNS xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”da öz əksini tapıb.

Qaydaya əsasən, torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsinə və məqsədli təyinatının dəyişdirilməsinə dair müraciətlərə baxılmasından aşağıdakı hallarda imtina edilir:
-bu Qaydalarda nəzərdə tutulmayan subyektlər tərəfindən müraciət edildikdə;
-. müraciətdə bu Qaydalarda nəzərdə tutulmuş məlumatlar öz əksini tapmadıqda və (və ya) müraciətə nəzərdə tutulan sənədlər əlavə edilmədikdə;
-. mənafeyinə toxunulduğu halda, qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi nəzərə alınmadıqda;
-. torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi qanunla qadağan edildikdə;
-. kateqoriyasının və ya məqsədli təyinatının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsi ərazi planlaşdırılması sənədlərinə, ərazi üzrə mövcud və layihələndirilmiş mühəndis-kommunikasiya təminatı sistemlərinə uyğun olmadıqda;
-. bu Qaydalarda əks olunan əsaslar üzrə torpaq sahəsinin kateqoriyasının və ya məqsədli təyinatının dəyişdirilməsi torpaqların münbitliyinin qorunmasına, torpağın münbitlik göstəricilərinə (aqrokimyəvi analizlərin nəticələri əsasında), əkinəyararlılıq vəziyyətinə, ətraf mühitin mühafizəsinə və torpaq ehtiyatlarından səmərəli istifadə məqsədlərinə uyğun olmadıqda;
-. ölkənin makroiqtisadi və ərazinin iqtisadi inkişaf istiqamətlərinə uyğun olmadıqda.
Torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) mənfi rəyi buna əsas olan iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
Yuxarıda qeyd edilən hallar aradan qaldırıldıqdan sonra Xidmətə yenidən müraciət edilə bilər.