Close

Bu halda xüsusi rütbələrin ixtisas dərəcələrinə qarşılıqlı uyğunlaşdırılma aparılmayacaq

Səfərbərlik zamanı hərbi xidmətə çağırılan xüsusi, diplomatik rütbəyə və ixtisas dərəcəsinə malik olan şəxsə münasibətdə xüsusi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin hərbi rütbələrə uyğunlaşdırılması aparılmayacaq.

TNS xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət orqanına ezam olunaraq dövlət qulluğu vəzifəsinə təyin edilən hərbi qulluqçulara münasibətdə hərbi rütbələrin ixtisas dərəcələrinə uyğunlaşdırılması aparılmır.

Bu Qaydada nəzərdə tutulan rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması müvafiq dövlət orqanının rəhbəri tərəfindən həyata keçirilir.

İxtisas dərəcələrinin və rütbələrin verilməsini təsdiq edən sənədlərə rütbənin və ixtisas dərəcəsinin verilməsi barədə əmrlərdən (sərəncamlardan və s.) çıxarışlar, əmək kitabçası, hərbi bilet və ya digər sənədlər aiddir.

Bu Qaydada nəzərdə tutulan halda rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması ilə əlaqədar mübahisə yarandıqda, müvafiq dövlət orqanı və ya şəxs bu barədə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına və məhkəməyə müraciət edə bilər.

Bu Qaydaya uyğun olaraq barəsində rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması aparılmış şəxs sonradan daha yüksək vəzifəyə (yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə və ya rütbə həddi yuxarı olan vəzifəyə) təyin olunduqda, həmin yüksək vəzifəyə əsasən yenidən uyğunlaşdırma aparılmasına yol verilir.

Bu Qayda qüvvəyə minənədək dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) keçmiş şəxs dövlət qulluğu vəzifəsinə və ya dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmişdirsə və ya dövlət qulluğunda işləmiş şəxs dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmişdirsə, həmin şəxslərin təyin olunduqları vəzifə üzrə rütbə həddi (vəzifə təsnifatı üzrə nəzərdə tutulmuş ixtisas dərəcələri) nəzərə alınmaqla, onların malik olduğu rütbə və ixtisas dərəcəsinin qarşılıqlı uyğunlaşdırılmasının aparılmasına yol verilir.