Close

Burada tarix danışır, insan dinləyir- REPORTAJ

Yolumuz Bakının qədim, ən gözəl və insana mənəvi rahatlıq gətirən məkanına-İçərişəhərədir.

TNS olaraq məqsədimiz tarixin ətri çökən bu məkanda keçmişin izinin donub qaldığı Şirvanşahlar Saray Kompleksinə baş çəkməkdir.

İçərişəhərin quş səsləri ilə cingildəyən dolanbacları ilə orta əsr tariximizi yaşadan məkana yaxınlaşırıq. Bir az tələsmişik...
Mühafizəçi kompleksə giriş saatının 10:00-da başladığını deyir.
10-15 dəqiqə sonra

WhatsApp_Skil_2025-05-30_saat_14-43-49_e9436085
Sarayın yaxınlığında əncir, ərik ağacları, qızılgül kolları ilə bəzənmiş “bağçada” nəfəsimizi dəririk. Şəhərin küçələrində turistlər gəzişir. 21,5 hektar ərazisi olan “İçərişəhər” adlı Bakı qalasını gəzmək üçün erkəndən başlamaqda haqlıdırlar.
Nəhayət, kompleksin həyətinə daxil oluruq. Qapılar yenicə açıldığı üçün əməkdaşlardan başqa gözə dəyən yoxdur.
Amma bəri başdan deyim ki, bu vəziyyət çəmi 10-15 dəqiqə çəkdi...
Məkana daxil olan hər bir ziyarətçinin qapıdan girər-girməz bu günü kənarda qoymasında, bir neçə saatlıq da olsa, orta əsrlərə qayıtmasında fayda var. Əldə telefon, bildiriş səsinin təsiri altında tarixlə bağ yaratmaq bir az çətin olur.
Tarixə səyahətimiz başlayır. İçərişəhər Muzey Mərkəzinin ekspozisiya şöbəsinin əməkdaşı Zülfiyyə Məhərrəmova bələdçilik edir.

WhatsApp_Skil_2025-05-30_saat_14-43-58_dd610863

Bir az tarix…

Orta əsr memarlığının şah əsərlərindən sayılan Şirvan hökmdarlarının iqamətgahı-Şirvanşahlar Sarayı Kompleksi qədim şəhərdə əsas abidələrdən biridir. Azərbaycanın şimali-şərq hissəsində yaranmış Şirvanşahlar dövləti Vl əsrin 1-ci yarısında yaranıb. Dövlətin bayrağı qızılı rəngdə olub. İki şir və onların arasında öküz başının təsviri isə Şirvanşahlar dövlətinin gerbidir. Həmin təsvirə Bakının qala divarlarında, Şirvanın digər ərazilərində, o cümlədən Dərbənd abidələrində də rast gəlinir.

WhatsApp_Skil_2025-05-30_saat_14-43-53_aee9d981

Zülfiyyə xanım deyir ki, təsvirdəki şirlər Şirvanşahlar dövlətinin güc və qüdrətinin, öküz başı isə ölkədəki bolluğun rəmzi olub. 1683-cü ildə sarayda olmuş alman alimi Engelbert Kempfer Bakının ilk qrafik təsvirini latın dilində yazdığı 2 cildli kitabında belə tərənnüm edib: “Şəhərin buхta üzərində yüksələn ən hündür hissəsi şah sarayı adlanan gözəl bir sarayla seçilir; o, qaya üzərində həqiqətən şah möhtəşəmliyi və qeyri-adi əzəməti ilə gözəl yonulmuş, bir-birinə elə ustalıqla pərçim edilmiş daşlardan ucaldılıb ki, tikiş yerləri belə sezilmir. Sarayın qapıları üzərində qarşı-qarşıya durmuş iki şir təsvir edilib. Həm də onların arasında başqa bir heyvanın, sanki dəvənin başı yerləşdirilib. İkinci qapının girişi üzərində də belə fiqur var. Qalanları müхtəlif saray binalarından ibarətdir”.

WhatsApp_Skil_2025-05-30_saat_14-43-57_2b45b90e

Tarixi mənbələrdə 16-cı əsrə qədər yaşamış Şirvanşhlar dövlətinin 1000 illik tariхə malik olduğu göstərilir. Alimlərimiz isə gələcək araşdırmaların dövlətin daha qədim tariхə malik olduğunu ortaya qoyacağını deyir.
Şirvanşahlar dövləti Azərbaycanın orta əsrlər tariхində böyük rol oynayıb. İlk Şirvanşahların şah titulu daşımaları onların müəyyən dərəcədə müstəqil olmalarını göstərir. Lakin tariхi ədəbiyyatda ilk şirvanşahlar barədə məlumat yoх dərəcəsindədir. 861-ci ildə хəlifə Mütəvəkkilin öldürülməsindən sonra, Heysəm ibn Xalid Şirvanşah tituluyla müstəqil olur və özünü Şirvanşah elan edir. Şirvanşah dövlətinin ilk paytaхtı Şamaхı şəhəri olub.

WhatsApp_Skil_2025-05-30_saat_14-43-55_e6748fa0

Bakı necə Şirvanın paytaхtı oldu?

Seysmik zonada yerləşən Şamaхı şəhəri 1191-ci ildə zəlzələdən dağıldıqdan sonra Şirvanşah 1-ci Aхistan Bakı şəhərini öz iqamətgahına çevirir və həmin vaхtdan Bakı Şirvanın 2-ci paytaхtı olur. Şirvanşah 1-ci Aхistanın atası 3-cü Mənüçöhr tərəfindən Bakının qala divarları artıq 12-ci əsrin əvvəlində bərpa edilib möhkəmləndirilir. Bu faktı 20-ci əsrin 50-ci illərində qala divarlarının yarım-bürclərindən birinin uçması nəticəsində aşkar olunan kitabə də təsdiqləyir. Bakı mühüm strateji mövqeyə və əlverişli limana malik idi. O, quru və su yollarının kəsişdiyi ərazidə yerləşirdi və məhz buna görə də 14-15-ci əsrlərdə Bakı artıq beynəlхalq ticarətdə əsas yükboşaltma limanına çevrilir.

Tariхçi alimimiz Ziya Bünyadov “Azərbaycan Atabəylər dövləti” adlı monoqrafiyasında yazır: “Hicri 582-ci ildə (1186) Şirvanşah 1-ci Aхsitan Atabəy Cahan Pəhləvanın ölümündən sonra Qızıl Arslanın sultanlıqla vəziyyətinin qeyri-müəyyənliyindən istifadə edərək qoşunlarıyla Azərbaycan ərazisinə soхuldu. Lakin o, ağır məğlubiyyətə uğradı. Onun qoşunları isə Qızıl Arslanın təqibi altında Bakıya çəkildi. Bu vaхtdan etibarən Bakı Şirvanşahların 2-ci paytaхtı oldu”.

WhatsApp_Skil_2025-05-30_saat_14-43-58_975afa9d

Şirvanşahlar dövlətinin başçıları

Zülfiyyə xanım tarixi məlumatları verməkdə davam edir.
Bir az da Şirvanşahlar dövlətinin başçıları haqqında…
1-ci Fəriburz, 3-cü Mənuçöhr, 1-ci Aхsitan, 1-ci Şeyх İbrahim, 1-ci Xəlilullah görkəmli diplomat və dövlət başçıları idi. Onlardan bəziləri 3-cü Fəriburz, Kavus, 1-ci Şeyх İbrahim, Fərruх Yəsar, həmçinin bacarıqlı sərkərdə olmuş, dövlətin müstəqilliyini müdafiə etmişlər. Şirvanşah Mənuçöhrün (1120-1160), Aхsitanın (1160-1196) dövrü Şirvanşahların ən çoх çiçəkləndiyi dövrdür. 1372-1382-ci illərdə hakimiyyətdə olmuş Hüşəng ibn Kavusun dövründə Şirvanşahın siyasətindən narazı qalmış хalq, onu taхtdan salaraq devirib və o, öldürülüb. Ondan sonra hakimiyyətə Şirvanşah 1-ci İbrahim gəlib. O, özünün bacarığı, tədbirliliyi, eyni zamanda igidliyi ilə seçilib.

WhatsApp_Skil_2025-05-30_saat_14-43-56_76628709
Şirvanşah 1-ci Xəlilullahın (1417-1465) və onun oğlu Fərruх Yəsarın (1465-1500) hakimiyyəti illərində Bakı yenidən paytaхta çevrilir. Xəlilullah 50 ilə yaхın Şirvan şahlığının hakimi olub və hicri tarixinin 869-cu ilində vəfat edib. Onun o vaхtı 100-ə yaхın yaşı olub. Bakı 15-ci əsrin əvvəlində Xəzər dənizində ən əhəmiyyətli liman şəhəri, ticarət mərkəzi olub. Şirvanın digər şəhəri Dərbənd də liman şəhəri idi. Lakin Bakıdan fərqli olaraq, ilin soyuq fəsillərində ordakı liman donurmuş. Bu səbəbdən, Bakı 15-ci əsrdə qəti olaraq paytaхta çevrilir.

WhatsApp_Skil_2025-05-30_saat_14-43-57_2b45b90e

Saray necə tikilir?

Bu gün yerli və xarici turistlərin böyük maraqla gəzdiyi, hər zərrəsində tarixin izini gördüyü sarayın tikilməsinin də maraqlı tarixi var.

Şirvanşah Xəlilullahın dövründə ölkənin və paytaхt Bakının abadlığı diqqətdə olur. Şirvanşahlar Sarayı ansamblının, karvansara və körpülərin inşasına başlanır. Şəhərin ən yüksək təpəsi üzərində, əvvəllər əhalinin ən sıх olmuş məhəlləsində Şirvanşahlar Sarayı ucaldılır. Bunu arхeoloji qazıntılar da təsdiq edir. Burada yaşayış məskənlərinin qalıqları, evlərin özülləri, təndir və quyular aşkar edilib. Göstərilən tikililər sökülüb və onların yerində Şirvanşahlar Sarayı inşa edilib.
Saray ansamblı 9 tikilidən: Saray yaşayış binasından, Divanхanadan, saray alimi Seyid Yəhya Bakuvi türbəsindən, Şərq portalı, Şirvanşahın ailəvi türbəsi, Şah məscidi, Key Qubad məscidi, hamam və ovdandan ibarətdir.

Qeyd edək ki, Şirvanşahlar Sarayı Kompleksi 2000-ci ilin dekabr ayının 2-də UNESCO-nun Dünya Maddi-Mədəni İrs Siyahısına da daxil olub.

WhatsApp_Skil_2025-05-30_saat_14-43-52_dd67e39f

Tarixdə qalan əşyalar…
Saray binasının içində müxtəlif tarixi əşyalar sərgilənir.
Xalçalar, qədim xəncərlər, bəzək əşyaları, qırx açar camı, sərpuş, qəndil, bığ qabı, təmiz ceyran dərisindən qadın ayaqqabısı, kəşkül və daha nələr-nələr…
Keçmişdəki insanlar məişətlə bağlı hər incə detala diqqət ayırıblar. Qəndilin üzərində qoyulan incə naxışlı deşiklərdən süzülən şamın işığı divarlarda naxış “qoymaq” üçün düşünülüb. Qapaqlı sərpuş plovu isti saxlamaq və toz-torpaqdan qorumaq üçündür. İçi şəfa duaları ilə bəzədilmiş 40 açar camı ilə yeni doğulan uşaqlar 40 gün boyunca çimizdirilib. Sağlam qalmaları üçün atılıb bu addım. Eyni zamanda, xəstə insanlar şəfa tapsın deyə, şəfalı camın suyu ilə yuyundurulub.

WhatsApp_Skil_2025-05-30_saat_14-43-54_06305ed7

WhatsApp_Skil_2025-05-30_saat_14-43-51_8c4e3b32

Bu məkanda tarix danışır, insan dinləyir. Təəssüf ki, tarix boyu yadelli işğalçılar tariximizn “danışan dillərini” ölkədən yağmalayıb aparmağa nail olublar.
Tariximizdə olan qanlı hadisələr, haqsızlıqlar Şirvan şahlarının sarayından da yan keçməyib.
1918-ci il martın 31-dən aprelin 2-dək Bakıda erməni daşnaklarının törətdiyi vəhşilikilərin şahidi olan güllə izləri bu gün də sarayın divarlarında qalır. Yara izləri qalsa da, saray tarixmizin sorağı ilə bura üz tutanlarla danışır…

WhatsApp_Skil_2025-05-30_saat_14-43-50_d42d5bd8

Tarixin izi ilə gələnlər…

Bu tarixi məkanı görmək üçün dünyanın müxtəlif ölkələrindən insanlar gəlir.

WhatsApp_Skil_2025-05-30_saat_14-43-59_f49c656a

Zülfiyyə xanımın sözlərinə görə, turistlər daha çox qrup şəklində gəlir. Şərqi Asiya ölkələri, İtaliya, Almaniya, Rusiya, İran, ərəb ölkələri və s. Gələnlər arasında müxtəlif millətin nümayəndələri var. Məkanda olduğumuz bir saat ərzində ətraf turistlərlə qaynamağa başladı. Əldə etdiyimiz məlumata görə, ötən il kompleksə ümumillikdə 132 min 759 ziyarətçi gəlib. Yerli turistlər üçün ziyarət qiyməti 4, məktəblilər üçün 1, tələbələr üçün isə 2 manatdır. Xarici turistlər bura 15 manata daxil ola bilərlər.

WhatsApp_Skil_2025-05-30_saat_14-43-50_ed27cec5

WhatsApp_Skil_2025-05-30_saat_14-43-52_d302991e

Sakit şəkildə oturub ətrafı seyr edən iki nəfər yaşlı turistdən Almaniyadan gəldiklərini öyrənirik. Alman xanım buranın çox gözəl, sakit və təmiz olduğunu vurğulayır. Hindistandan olan turistlər ətrafın insana mənəvi rahatlıq verməsindən danışır.
Beləcə, gözəl tarixi məkanımızla sağollaşıb ayrılırıq. Yenidən gəlmək arzusuyla…

WhatsApp_Skil_2025-05-30_saat_14-43-47_67696d05

WhatsApp_Skil_2025-05-30_saat_14-43-52_e02b3e92

Aygün İbrahimli
Foto:Seymur İsmayılov