Close

Bayram üçün urvatlı süfrə açmaq istəyirsinizsə... - REPORTAJ

Novruz bayramına lap az qalır. Milli bayramımızın ən gözəl tərəflərindən biri, demək olar ki, ay boyunca davam etməsidir.

Dörd həftə ərzində Novruz çərşənbələri və martın 20-21-də bayram qeyd olunur. Bayramda müxtəlif çeşidlərdə nemətlərdən ibarət süfrələrin açılması isə min illərlə tarixi olan bir ənənədir. Plov hazırlamaq, şəkərbura, paxlava, qoğal bişirmək olmazsa-olmazlardan sayılır. İndi insanlar daha çox hazır alır, amma nemətlərin ətrini evindən çıxarmaq istəyənlər də az deyil.

TNS-in əməkdaşı əziz bayramımızda market və müxtəlif ticarət ünvanlarında qiymətlərlə maraqlanıb, Novruz süfrəsinin neçəyə başa gələ biləcəyini öyrənməyə çalışıb.

Yağla badam ləpəsi eyni qiymətdə...

Marketlərdə qiymətlər müxtəlifdir. Daha doğrusu, 500-600 manat maaş alan insanlar üçün sərfəli deyil.

Başlayaq, kifayət qədər baha olan çərəzlərdən. Bayram süfrəsi üçün daha çox alınan məhsullardan olan qabıqlı qoz 6-7 manat, qabıqlı badam 21 manat, qabıqlı fındıq 7-8 manat, şabalıd 10-11 manat, kişmiş ən ucuzu 12-15 manatdan başlayır, ərik qurusu 20-25 manatdan satılır. Qoz ləpəsi 15-20 manat, badam 28-30, fındıq ləpəsi 20-25 manat təşkil edir. Marketlərdə hazır bayram şirniyyatları da bahadır. Kiloqramı 35-36 manata satılan paxlava ilə yanaşı, eyni görünüşdə 15 manata satılan məhsul var.

b10 b11 b12 b9

b14

Alıcılardan soruşuruq. Onlar ucuz qiymətə satılan məhsula vurulan yağın keyfiyyətsiz olduğunu düşünürlər. Bahalısına isə maddi imkanları çatmır. Yeri gəlmişkən, endirimlə şəkərburanın 1 ədədini bir manata almaq olar.

Lətifə xanım adlı şəhər sakini deyir ki, paxlavanı özü bişirmək istəyir: “Şəkərbura, paxlava üçün keyfiyyətli ərzaqlar-kərə yağı, xama, qoz-fındıq, süd, un və s. alıb özüm hazırlamaq istəyirəm. Amma qiymətlər öz sözünü deyir. Kərə yağlarının qiymətləri 20 manatdan başlayır. 30-33 manata qədər yüksəlir. Fikirləşirəm ki, bəlkə hazır bir şey alam, daha ucuz olar”.

Nailə adlı başqa bir yaşlı sakin pomidorun qiymətlərinə baxır: “Belə qiymət olar. Vallah, bizi Allah dolandırır. 220 manatı (pensiya hüququ yaranmadığı üçün yaşa görə verilən müavinət) da hələ verməyiblər. Oğlum karta pul atıb, ona görə marketə gəlmişəm. Kartla başqa yerdən ala bilmədim...”

b18

Yeri gəlmişkən, marketlərdə ətin də qiyməti “cib yandırır”. Kiloqramı 19-20 manat, hətta daha yüksəkdir. Toyuq əti mal əti ilə müqayisədə daha ucuzdur.

Bayramın əvəzedilməz ərzaqlarından olan düyünün 2 kiloqramını  endirimlə 5-6 manata almaq mümkündür.

b13

Bayram üçün ən çox alınan məhsullardan olan fabrik yumurtası isə ucuzdur. Bir ədədi 13 qəpikdən təklif olunan məhsul var.

Qısası, əgər vətəndaşlar bayram alış-verişini marketdən etməli olsalar və aylıq maaşları sadəcə 600-700 manatdırsa, o zaman bütün pullarını xərcləməli olacaqlar.

Sakinlərlə apardığımız sorğudan belə məlum olur ki, azgəlirli insanlar meyvə-tərəvəzi, eləcə də quru meyvələri daha çox binaların yaxınlığından, metro çıxışlarından almağa üstünlük verirlər.

Metro çıxışlarında satılan ərzaqların qiymətləri ilə maraqlanırıq. Doğrudan da ucuzdur. Meyvə və tərəvəz marketlərdə olan qiymətlərdən yarıbayarı fərqlidir. Almanı 1,5, qozu 5, fındığı 7, kişmiş, ərik qurusu kimi məhsulları 10 manata almaq olar.

b2 b3 b4 b5

Amma bir problem var. Açıq məkanlarda ərik, kişmiş kimi şirəli meyvələrin, iydənin, digər quru çərəzlərin üzərini toz-torpaq basır.

b6 b7 b8

Alıcıların əksəriyyəti bunu görməzdən gəlir, sadəcə məhsulun qiyməti ilə maraqlanır, bayramda açacağı süfrəni bəzəmək üçün...

Sonda onu da xatırladaq ki, Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 8-19 mart tarixlərində “Kənddən Şəhərə” Novruz yarmarkası da təşkil olunub.

Bu qədər böyük ərazi və bu qədər çox əhali üçün bir ünvanda- “Gənclik” metro stansiyasının çıxışında təşkil olunan bu yarmarkada sadəcə bir marketdə olan qədər məhsul ya ola, ya olmaya.

Bayramınız mübarək olsun!

 Aygün