Burada qatarla keçmişə qayıtmaq olur - FOTOLAR

Hər gün minlərlə insan metronun "28 May" stansiyasına doğru yol alır. Bakı Dəmiryolu vağzalı, Asan xidmət, 28 Mall, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi vacib məkanların yerləşdiyi bu ərazidən neçə dəfə keçdiyimizi, istəsək də, yadımıza sala bilmərik. Bir sözlə, dramaturqumuz Cəfər Cabbarlı daim qonaq-qaralıdır. Amma yəqin ki, bizi tarixə səyahətə aparacaq bir məkanın - Dəmiryolu Muzeyinin məhz bu ərazidə yerləşdiyini bilənlər o qədər də çox deyil.
Bu dəfə TNS olaraq, yolumuzu ziyarətə açılmasından artıq bir il ötən Dəmiryol Muzeyindən salacağıq.
Azərbaycan Dəmiryol Muzeyi 2019-cu il noyabrın 19-u Prezident İlham Əliyevin iştirakı ilə açılıb.
Pandemiya dövründə qapalı qalan muzeydə yenidənqurma işləri aparılıb və yeni eksponatlarla zənginləşdirildikdən sonra 2023-cü il dekbarın 28-dən etibarən ziyarətçilərini qəbul etməyə başlayıb. Dəmiryol Muzeyi Bakı sərnişin stansiyasının tarixi vağzal kompleksinə daxil olan üç binadan biri – köhnə Sabunçu vağzalının binasında, yəni “28 May” metro stansiyasının yaxınlığında yerləşir.
Tarixinə baxış...
1878-ci ildə Azərbaycanda ilk dəmir yolunun çəkilişi başlayır və 1883-cü ildə Bakı-Tiflis dəmiryolu xətti tamamlanır. Həmin il Bakıda ilk vağzal binası olan “Tiflis vağzalı” inşa olunur, bir il sonra istismara verilir. Tikili memar Xrisanf Vasilyev tərəfindən layihələndirilir.
O zaman bina Rusiya imperiyasının ən gözəl vağzallarından biri hesab olunurdu. 1926-cı iyulun 6-da isə SSRİ-də, eləcə də Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu işə başlayır. Elektrik qatarlarını qəbul etmək üçün xüsusi vağzal binası tələb olunur.
Beləliklə, daha bir bina inşa olunur. 1926-cı ildə fəaliyyətə başlayan məkan “Bakının Sabunçu vağzalı” adı ilə tanınır. Yeni vağzal binası “Tiflis vağzalı” binasından bir az aralıda tikilir. Binanın üz tərəfi şəhərə, arxa tərəfi dəmir yollarına baxır.
Azərbaycan milli memarlıq ənənələrinə uyğun inşa edilmiş bina kənardan baxanda xarici görünüşünə və bir çox elemetlərinə görə Şirvanşahlar sarayını xatırladır. Binada milli şəbəkə sənəti üslubunda qurulmuş pəncərələr, girişin fasadının yuxarı hissəsində isə Şirvanşahlar dövrünə aid dekor, saat qülləsində daşdan yonulmuş aslan təsvirləri maraqlı görüntü yaradır.
Binanın çölü kimi içərisi də maraqlıdır. Elə girişdəcə ab-hava insanı keçmişə aparır. Bakının tarixini əks etdirən bir filmin canlı oyunçusuna çevrilirsən. Mövzu Azərbaycanda dəmir yolu nəqliyyatının yaranması, insanları bir-birinə qovuşduran yolların qurulmasıdır. O zaman imperiyanın canfəşanlığı, hər nə qədər, neftimizi daşımaq üçün olsa da, vaxtilə Bakımızda bu şəraitin yaradılması paytaxtın inkişafına öz töhfəsini verir. “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin əməkdaşı Nərmin Amanovanın da dəstəyi ilə tarixi yenidən vərəqləyirik...
Onu da qeyd edək ki, Azərbaycanın ilk dəmir yolu xətti olan Bakı–Sabunçu–Suraxanı xətti 1880-ci ildə istifadəyə verilib. Bu yoldan yalnız neftin daşınması üçün istifadə olunub.
Maraqlıdır ki, dünyada ilk dəfə olaraq neftin vaqon-sisternlərlə daşınmasına bu xətdə başlanılıb.
1883-cü ildə Bakı–Yelizavetpol (Gəncə)–Tiflis magistral dəmir yolu istifadəyə verilir. Bu xətt Xəzər dənizi ilə Qara dəniz sahillərini birləşdirərək neftin Avropa bazarlarına daha sürətli çatdırılmasını təmin edir. İkinci Dünya Müharibəsi illərində, Azərbaycan dəmir yolları, 600 mindən artıq neft və neft məhsulları ilə dolu sisternlərin, eləcə də 700 min vaqon yükün cəbhəyə çatdırılmasında mühüm rol oynayır. 1941–1945-ci illərdə Azərbaycan SSRİ-nin əsas logistik mərkəzlərindən birinə çevrilir və Trans-İran marşrutu vasitəsilə Qərb dövlətlərinin hərbi yardımlarının çatdırılmasına kömək edir.
Muzeydə nələr var?
Dəmiryol Muzeyində 2 eksponat zalı, kino zalı, “Zaman qatarı” adlı simulyator zalı, mədəniyyət və korporativ tədbirlərin təşkili üçün salonlar fəaliyyət göstərir. Zallarda ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar, o cümlədən XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, qatar modelləri nümayiş olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Dəmiryol Muzeyinə hədiyyəsi-qızıl işləməli qatar modeli də maraqlı eksponatlardan biridir.
Eksponatların içində dəmir yolu zəngi diqqətimi cəlb edir.
Qulaqlarımda filmlərdən duyduğum cingiltili qatar zənginin səsi duyulur. Fənər də var... Dəmir yolları yaranandan 1970-ci illərə qədər istifadə olunub.
Dəmir yolu zəngi isə 1950-ci illərə qədər istifadə olunub. O zaman hər bir zəng səsinin izahı vardı. Bir zəng vurması xəbərdarlıq olduğu üçün sərnişinlər və yola düşənlər hazırlaşmalı idilər. İki zəng vaqonlarda yerləri tutmaq və nəhayət üçüncü zəng qatarın yola düşməsi demək idi. Kim bilir, bəlkə də bu zəng səsini duymayıb gedən qatarın arxasınca nə qədər baxanlar olub...
Qeyd edək ki, muzeydə vaxtaşırı imza günləri, qiraət saatları, kitab və rəsm sərgiləri, ictimai xadimlərlə görüşlər və s. tədbirlərin təşkili də nəzərdə tutulur.
Və sonda muzeyə giriş 16 yaşınadək uşaq və yeniyetmələr üçün pulsuz, böyüklər üçün isə 10 manatdır.
Azərbaycanda dəmir yolunun nə vaxt yarandığını, necə inkişaf yolu keçdiyini, müxtəlif ölkələrin nəqliyyatın bu növü ilə bağlı əsrlər əvvəl hazırladığı maraqlı nümunələrini görmək, nostalji duyğular yaşamaq istəyənlər yolunu bu muzeydən sala bilərlər.
Aygün İbrahimli
Foto: Seymur İsmayılov