Başımıza qar yağır... - “Liman şəhəri”ndən reportaj - VİDEO + FOTOLAR

Bakıya qar yağdı. Paytaxt sakinləri də Bakının "ağarması" üçün hər şeyə hazır idi, yetər ki, qar yağsın...
Saatlarla yollarda qalmağa, küçələrin vaxtlı-vaxtında qardan təmizlənməməsinə, avtobusların gecikməsinə, dərsə göndərdikləri övladlarının üzünə məktəb qapılarının bağlı olmasına qarşı immunitet qazanmışdılar.
Budur, qar da yağdı, Bakı da "ağardı"...
AYNA bir neçə gün öncə avtobusların 21:30-dək işləyəcəyini deyəndən sonra ümidlər qiyməti kəllə-çarxa qalxan taksilərə qaldı. Olsun, qar istəmişdik axı.
Gözlənilən uzun vaxtdan sonra qarın necə qarşılanacağını görmək üçün yollandım Bakıya gələn hər biri yerli və xarici turistin ziyarət etdiyi İçərişəhərə.
22 hektar ərazini əhatə edən, 1 300-dən çox ailənin yaşadığı nadir arxitektura üslubuna malik İçərişəhərə...
Qız qalası, Şirvanşahlar saray kompleksi, onlarla tarixi-memarlıq abidəsi, qədim məscid, karvansaray, hamam və fərdi yaşayış evləri...
Bir də səfirliklər, muzeylər, otellər, ticarət obyektləri, kafe və restoranları olan "liman şəhəri"nə.
Bakı təkcə küləklər şəhəri deyil, bu gün qar şəhəri idi...
İçərişəhərin dolambac küçələrində qarşıma çıxan turistləri da danışdırdım. Onların Bakı haqqında fikirləri azərbaycanlı olaraq məni sevindirirdi. Rusiyadan, Pakistandan, İrandan gəlmiş turistlər çoxluq təşkil edirdi.
Məlum məsələ, İçərişəhərdə turistlərin ən çox alış-veriş etdiyi yerlərdən biri suvenir dükanlarıdır. Milli aksesuarlardan müxtəlif növ geyimlərə qədər hər şey vardı bu obyektlərdə. Görünən o idi ki, satıcılar da hallarından məmnun idi. Onlar maqnitlərin, şalların, suvenirlərin, xalçaları satışından razı qalmışdılar.
Samovar, yanında armudu stəkan, diqqəti cəlb edən suvenirlər, geyimlər...
İçərişəhərdə, Qız Qalasının yaxınlığında mis qablara, o cümlədən samovarlar və antik əşyaya çevrilən armudu stəkanlara rast gəlirəm. Ovcuma yığdığım qar topası əllərimi üşüdür, Hacı Bani hamamının üstündən çıxan tüstüylə əridirəm onu.
Qapılarının taxtası fərqli rənglərdə olan evlər indi tamamən eynidir. Qar yağıb axı. İçərişəhər indi "ağ şəhər" olub.
Xeyli aralıdan görünən Qız qalasının ətrafında çoxlu adam toplaşıb. Şəkil çəkirlər. Soyuqdanmı, ya maraqdanmı xarici turistlər onlara təklif olunan yüksək bilet qiyməti ilə qalaya keçirlər. "Qonşu"dan geri qalmayaraq mən də daldalanıram qalaya...
Qədim şəhərdə daşlı, dar küçələrlə getdikcə, yol boyu düzülən kiçik mağazalardakı qədimi xalçalar, antik əşyalar da adamı qədimlərə aparır.
Azadə Yolçu