O Evdə sevgi, qarışlıqlı anlayış və hüzur var - REPORTAJ-FOTO
Oxucularımızı maraqlı və zəngin məlumatlarla dolu bir məkana səyahətə aparmaq qərarına gəldik.
Yolumuz, ötən ilin noyabr ayında Bakıda, İçərişəhər “Cümə” məscidinin yaxınlığında açılan Toleranlıq Evinədir.
TNS-in əməkdaşları İçərişəhərin doğmalığına bir az da istilik qatan unikal Evdən reportaj hazırlayıb.
Bura doğrudan da bir Evdir...
Bir müddətdir ki, görmək istədiyimiz, qismət bu günə imiş, dediyimiz Tolerantlıq Evinin binası qarşısındayıq.
Açılışı ötən il noyabrın 16-da, məhz Beynəlxalq Tolerantlıq Günü baş tutan binanın girişi sadə və bir o qədər gözəldir. Bayır qapısının üzərində üç səmavi dinin - islam, xristian və yəhudiliyin simvolları diqqəti çəkir.
Məkanın foyesinə daxil oluruq. İşığı və hüzuru ilə insanda müsbət aura yaradan Tolerantlıq Evində 3 ənənəvi dinin atributları, müqəddəs dini kitablar, etnoqrafik eksponatlar, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların dini liderlərinə aid mükafatlar, şəxsi hədiyyələr, dövlət mükafatları, xarici dövlətlərdən hədiyyə olunmuş əşyalar toplanıb.
Əvvəlcə elə bu məqamdan başlayırıq.
Tolerantlıq Evinin direktor müavini Ülkər Əliyeva bir-birindən maraqlı eksponatlar haqqında məlumat verir. Qədim Alban dövlətinə aid yazı nümunələrinə yaxınlaşırıq. Ülkər xanım deyir ki, Azərbaycanda Alban əlifbası ilə yazılmış yazılar 1948-1952-ci illərdə Mingəçevirdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilib.
Bundan bir müddət sonra-1975-ci ildə Sinay dağında məbəddə Sinay-Alban palimpsestləri tapılır. Məlum olur ki, bunlar Azərbaycanda olan qədim Alban dövlətinin yazıları ilə eynidir. Burada olan 2008-ci ildə çap olunan həmin nümunələrdəndir.
Tolerantlıq Evinin ən gözəl eksponatlarından biri Kəbə örtüyüdür.
Kəbə örtüyü hər il Qurban bayramında dəyişildiyi üçün əvvəlki örtük hədiyyə kimi görkəmli şəxslərə təqdim olunur. Səudiyyə Ərəbistanı kralı tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə hədiyyə olunmuş Kəbə örtüyü Tolerantlıq Evinə təqdim olunub. Bura gələcək ziyarətçilər qızıl və gümüş saplarla işlənmiş Kəbə örtüyünün gözəlliyi ilə daha yaxından tanış ola biləcəklər.
Tolerantlıq Evində Quranın qədim nüsxələri, Tövrat və Bibliya kimi müqəddəs kitablar nümayiş olunur. Burada yalnız üç səmavi dinin deyil, digər dinlərə aid nümunələr var.
1836-cı ildə Alban kilsəsinin ləğvi və Xristian kilsəsinə birləşdirilməsindən sonra Alban xristianlar erməni kilsəsinə getmək istəmir. İbadətlərini evdə edirlər. O zamandan sonra evlərində ikonaları qoruyub saxlayırlar. Bu gün həmin ikonalardan Tolerantlıq Evinə hədiyyə olunanlar var. Bir sözlə, məkanı görmək istəyən insanlar burada müxtəlif dinlərin müqəddəs kitablarını, dini simvol və atributlarını birlikdə görə, tarixləri ilə yaxından tanış ola biləcəklər.
Dözüm, yoxsa daxildən gələn mərhəmət və anlayış?
Azərbaycan adlı bu məmləkətdə yaşayanlar-xalqımız tarix boyu evinə gələnlərə qarşı qonaqpərvər və mərhəmət hissi ilə yanaşıb. Hörmət edib, sevib “Allah qonağının gözümüz üstündə yeri var, deyib”.
İllərin sınağı göstərib ki, xalqımızın bu qonaqpərvərliyindən sui-istifadə edənlər, xəyanət edənlər də olub. Və onlar da cəzasını alıb. Ümumillikdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh və qarşılıqlı anlayış şəraitində yaşayıblar. Bu gün tolerantlıq kimi ifadə olunan termin bizim üçün yad deyil. Biz dözümlülük nümayiş etdirdiyimiz üçün yox, insanlara sevgi ilə yanaşdığımız üçün onları qəbul etmişik.
Eyni zamanda, İslam dinində də tolerantlıq dinin əsas qayəsi kimi qəbul edilir. Quranda Uca Allah buyurur: “Sizin dininiz sizə, mənim dinim mənə aiddir” (“Kafirun” surəsi, 6). Bu ayədən insanların müxtəlif inamda və fikirdə ola biləcəyi və həmin insanlara qarşı münasibətin necə formalaşacağı aydın görünür. Hətta başqa bir ayədə qarşı tərəfin “Tanrı” olaraq qəbul etdiyi, tanrılaşdırdıqlarına qarşı necə davranılmalı olduğu əmr edilir: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa, onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər...” (“Ənam” surəsi, 108).
Ayədən də aydın olur ki, insanlar müxtəlif inamda, əqidədə, düşüncədə, dünyagörüşündə ola bilərlər.
İslama görə tolerantlıq müxtəlif dini görüşlü insanlar arasında bir körpüdür. Allah belə buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...” (“Hucurat” surəsi, 13). İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası isə tolerantlıqdan keçir.
Və bu gün Tolerantlıq Evi kimi ərsəyə gələn və dünyada bənzəri olmayan bu nümunə bir daha sübut edir ki, Azərbaycanda bütün dinlərin nümayəndələrinin azad, bir-biri ilə mehriban, doğma şəkildə yaşaması barədə səsləndirilən fikirlər yalnız sözdə deyil.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyir ki, Tolerantlıq Evinin yaradılması ideyası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva məxsusdur.
Azərbaycanın multikultural, tolerant modelinin əyani bir vasitəsi kimi gündəmə gələn bu ideya Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rellaşdırılıb: “Ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycanın multikultural modelini hər zaman dünyada təqdim edir. Tolerantlıq Evinin yaradılması ilə bağlı çıxış edən Mehriban xanım Əliyeva bu ideyanın reallşaması üçün maddi və mənəvi dəstəyini əsirgəməyib. Dini və etnik müstəvidə problemlərin yaşandığı dünyada bu cür məkanın məhz Azərbaycanda yaranması ölkəmizdə bu sahədə olan ab-havanın məntiqli nəticəsidir. Tolerantlıq bizdə yalnız dövlət siyasəti yox, həm də həyat tərzidir”.
O bildirib ki, məkanın Tolerantlıq Evi adını alması təsadüfi deyil. Belə ki, insanlar burada özlərini doğma evlərində olduğu kimi hiss edirlər: “İnsanlar doğma evlərində ailə üzvlərinə qarşı anlayış, qarşlıqlı sevgi ilə yanaşırlar. Tolerantlıq Evində yaradılan ab-hava Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndlərinin qarşılıqlı münasibətinin real təzahürünü ehtiva edir”.
Rəhimə Dadaşova Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin Tolerantlıq Evinin açılış mərasimində söylədiyi sözləri xatırlatdı: “Şeyxülislam Azərbaycanda olan tolerantlıq ənənələrinin dünyaya nümunə olduğu kimi, Tolerantlıq Evinin də bir nümunə olduğunu bildirdi. O vurğuladı ki, dünyada, bəlkə də, bunun analoqu yoxdur. O, Tolerantlıq Evinin bütün dünyaya bir işıq saçdığını, dünyanın belə bir məkanın dəyərini gələcəkdə daha yaxşı anlayacağını vuruladı".
Yeri gəlmişkən, bir məqamı vurğulayım ki, Azərbaycanda rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallaqer məkanın rəsmi qonağı olarakən, belə bir məkanın heç yerdə, hətta onlarda belə olmadığını deyib.
Yəni, ayrı-ayrı dinlərin tarixini əks etdirən çox gözəl yerlər ola bilər. Amma ənənəvi dinlərin tarixini birlikdə əks etdirən dəlillərin, müqəddəs kitabların eyni məkanda olması nadir haldır. Tolerantlıq Evinin dəyəri də daha çox bundadır.
Onu da xatırladım ki, hazırda Tolerantlıq Evinə eksponatların qəbulu davam edir. Ölkəmizdə olan bütün dini konfessiyaların nümayəndələri bu prosesə öz töhfələrini verirlər.
Tolerantlıq Evinin nadir nüsxələrlə zəngin kitabxanası da var.
Və nəhayət Tolerantlıq Evi yaxın vaxtlarda qapılarını ziyarətçilər üçün açacaq.
Tolerantlıq Evinin direktor müavini Ülkər Əliyeva deyir ki, məkan fevralın ortalarında açılacaq: “Hazırda Tolerantlıq Evinə ziyarətçilərin hansı formada gələcəyi ilə bağlı qaydalar hazırlanır. Bilet satışı həyata keçiriləcək. Yəqin ki, artıq fevral ayının ortalarından məkan ziyarətçilər üçün açıq olacaq”.
Beləcə, müxtəlif dini görüşlü insanlar bu Evdə dinlərin tarixi, atributları ilə yaxından tanış olacaq, bir-birilərini daha çox tanımaq fürsəti ələ edəcəklər.
Bu hüzur yaradan məkandan dilimizdə bir dua ilə ayrılırıq. İnsanlara bir-birilərinə qarşı səbirli və anlayışlı olmağı buyuran Uca Allah, ölkəmizi və xalqımızı pis niyyətlilərdən qorusun.
Aygün İbrahimli
Foto: Seymur İsmayılov