Close

Yəqin ki, gələcəklər... - REPORTAJ

Dekbarın 21-dən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə sayca 7-ci “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan yarmarka paytaxtda cəmi bir yerdə - Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında yerləşir.

Dekabrın 30-dək davam edəcək yarmarkaya maraq varmı? Daha doğrusu, paytaxt sakinləri, eləcə də məhsullarını satışa çıxaran fermerlər yarmarkadan faydalana bilirmi?

Təşkilatçıların açıqlamasına görə, yarmarkanın təşkilində əsas məqsəd kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə alternativ satış imkanları yaratmaq və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir.

Yarmarkada ölkənin 30 şəhər və rayonundan gələn 100-ə yaxın fermer öz təsərrüfatlarında yetişdirdikləri 100-dən artıq məhsul çeşidini satışa çıxarıb. Satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir.

TNS-in əməkdaşları yarmarkada olub, satıcılar və alıcılarla yerində söhbət ediblər.

b4

Alıcılar gözə dəymir...

Piştaxtalarda meyvə-tərəvəz, süd məhsulları, ət çeşidləri, çərəzlər səliqə ilə düzülüb. Satıcıların üzünü güldürəcək müştərilər isə ortada yoxdur.

Biri məhsullarını səliqəyə salır, o biri termosdan özünə çay süzür. Telefonu ilə məşğul olan, gözünü bir nöqtəyə zilləyib fikrə gedən də var.

Türkan kəndindən gətirdiyi göy-göyərtini səliqə ilə önündəki masanın üzərinə yığan yaşlı satıcı başını qaldırmasa da, sualları cavabsız qoymur: “Gələn-gedən yoxdur, nə deyim? Neçə gündür burdayıq, satışlar çox zəifdir. Məhsulu marketlərdə olduğundan ucuz satırıq, yenə də alıcı qıtlığı var".

65d2d92b-75cd-405d-aceb-da0e1416727c

b9-2

Zaqataladan gələn fermer Kənan Rzayev yarmarkaya bal və müxtəlif arı məhsulları, qoz gətirib. Balın üzərinə 20 manat yazıldığını görüb “Qiymət ucuzdur”- deyirəm. Kənan bəy cavabında bildirir ki, qiymətlər 35 manatdan başlayır. Yəqin ki, fermer müştərilərin gözünü qorxutmamaq, ya da cəlb etmək üçün aşağı qiymət yazıb. O deyir ki, yarmarkaya gələnlər, daha doğrusu ondan məhsul alanlar, əsasən əvvəlcədən onu tanıyan müştəriləridir.

Qubanın Hacıqaib kəndindən olan Məhərrəmbəy Mirzəyev yarmarkaya müxtəlif növ alma ilə qatılıb.

b5

Almanın qiyməti 1 manat 20 qəpikdən başlayır. Yeri gəlmişkən, bu qiymətlər marketlərdə olan qiymətlərdən heç nə ilə fərqlənmir.

Fürsətdən istifadə edən Məhərrəmbəy onu narahat edən problemləri də dilə gətirir: “Qubada çox fermer öz alma və digər meyvə bağlarını məhv edir. Çünki meyvəni yetişdirir, amma sata bilmir. Mən özüm 1998-ci ildən bir neçə hektar sahədə meyvə yetişdirirəm. İstehsalçıyam, meyvəni yetişdirmək mənim işimdir, satmaq məsələsi mənim üçün problemə çevrilir. Məhsulu qapıdan, heç olmasa, 50 qəpiyə  alsalar, mən də rahat öz işimlə məşğul olaram. Bu qədər əziyyət çəkib meyvə yetişdiririk, amma sata bilmirik. Ona görə də insanlar məcbur qalıb meyvə bağlarını pozurlar”.

b7

Fermer deyir ki, ən ciddi problemləri dərmanla bağlıdır: “Dərmanı alıb meyvəyə vururuq, amma heç bir faydası olmur. Mənə keyfiyyətli dərman lazımdır ki, məhsulumu saxlaya bilim. Dərmanları haradan almağından asılı olmayaraq, hamısı eynidir, saxtadır, effekti olmur. Buna bir nəzarət olmalıdır. Üstəlik, dərdimizi deyəcək bir ünvan, problemimizə şərik olan qurum yoxdur. Heç kim maraqlanmır ki, nə üçün sizin məhsulnuz batır? Hara, kimə yazacağımızı da bilmirik. Kənd yerlərində adi bələdiyyə at oynadır. “Gedin əlinizdən gələni edin”- deyirlər".

Quş əti və yumurta bahadır...

Yarmarkada xeyli hinduşka və qaz əti də satılır. Hinduşka əti 17-18 manatdan, qaz 15 manatdan alıcıya təqdim olunur. Kənd yumurtasının ədədi isə 45 qəpikdir. Fermerlər yumurtanın baha olmağını belə izah edir: “Saxlayırıq, böyüdürük yumurta verən dövrə çatanda xəstəlik məhv edir. Dərman da versək, gec olur. Vaxtında vəziyyəti başa düşə bilmirik. Dərmanlar da təsir etmir”.

b8 b9-1

Yarmarkada mal əti 13 manat 50 qəpikdən təqdim olunur. Elə də çox gözə dəymir. Yəqin ki, alıcı qıtlığı nəzərə alınıb. Hinduşka və toyuq isə xeyli var. Ağcabədidən olan gənc fermer deyir ki, Bakıda tanış restoran var. Axşama kimi yarmarkada sata bilmədikləri hinduşka ətini onlara verirlər.

b6

Qeyd edək ki, ətlər açıq havada qoyulub. Cavadeh qurum da, satıcı da iddia edir ki, hava onsuz da soyuqdur, soyuducuya ehtiyac qalmır...

Pendir, şor, elə də gözə dəyməyən yağ, çərəz və s. məhsulların qiyməti bazar və market qiymətlərindən fərqlənmir. Təbii ki, alıcıların uzaq məsafə qət edib yarmarakadan nəsə almağına ehtiyac qalmır.

Gözə dəyən tək-tük alıcılardan biri alma almaq üçün yaxınlaşır. Deyir ki, qiymət münasibdir.

Digər iki xanım isə qiymətlərdən narazılıq edir: “Fərqi nədir ki, marektdə də bu qiymətə var”.

Yəqin ki, uşaqlar da gələcək...

Yarmarkanın bir küncündə uşaqlar üçün əyləncə məkanı da təşkil olunub. Yolka qurulub, müxtəlif oyuncaqlar düzülüb. Çatışmayan isə uşaqlardır. Yarmarkanın ümumi mənzərəsi sadəcə görüntünün olduğunu ortaya qoyur.

b3

Təşkilatçılar və satıcılar isə ümidlərini həftə sonuna bağlayıb. Dediklərinə görə, iş günü olduğu üçün gələnlər azdır. həftə sonu alıcıların sayı artacaq.

Yarmarkanın ən faydalı tərəfi isə, deyəsən, satıcılar üçün ünsiyyət fürsəti yaratmasıdır. Bayram ərəfəsində yarmarkadan çox, sərgiyə bənzəyən ortamda yaxşı satış edə bilməsələr də, ürək sözlərini bölüşməyə, dərdləşməyə imkan yaranıb...

Aygün