Close

Azərbaycanlı əsirlərə vəhşicəsinə işgəncə verilmiş vandal məkan - VİDEO

Yağış, çiskinli hava, döşəmə daşlarına qədər dağıdılmış yollar. Bir tərəfdə erməni vandallığına məruz qalan, qədim Şuşanın yüz illərlə yaşı olan evləri, digər tərəfdə həmin qədimiliyi qoruyub saxlamaqla yenidən inşa edilən möhtəşəm evlər, inzibati binalar, sürətlə aparılan abadlıq-quruculuq işləri.

Asəf Şuşanın aşağı hissəsində vahiməli binanı göstərib “Bax, burada aşkarlanıb kütləvi məzarlıq”, - deyib, dayandı. Köhnə, alayarımçıq rənglənmiş hündür, qalın hasarın üzəri boyabaş səliqəsiz tikanlı məftillərlə sarılıb. Yaxınlaşdıqca, binanın zəhmi insanı qorxudur. Bizi müşayiət edən nümayəndə ilə qapıya yaxınlaşırıq, gözətçi ağır, zindana bənzər qapını açır və bizə “Buyurun içəri”- deyir. Qapıdan içəri daxil olanda adamı çox qəribə bir aura sıxır. Sanki, divarlar üstünə gəlir, vahiməli səslər eşidəcəksən kimi irəliləməyə ehtiyat edirik.

Kütləvi məzarlığa çevrilmiş işgəncə məkanı

30 il erməni işğalında qalan, onsuz da görünüşcə vahiməli olan və erməni vandallarının törətdiyi vəhşiliyi eşitdikdə daha da vahimələşən Şuşa həbsxanasındayıq. Vahiməsi, ciddi rejimi ilə yadda qalan bu müəssisədə erməni şərəfsizlər o qədər qəddarlıq törədiblər ki, binanın hər yerində qəddarlıq izləri var.

“Buradır, burda basdırılıblar”,- deyir gözətçi və bizi sol tərəflə divarların dibinə gətirir. Yavaş-yavaş divarın dibi ilə irəliləyib təxminən 3-4 metr dərinliyində, 15-20 metr enində qazılmış dairəvi bir çökəkliyə yaxınlaşırıq. Bəli, soydaşlarımız bu həbsxanada öldürülüb, elə bu həbsxananın girişində, insanların gözü qarşısında basdırılıb. Xüsusi amansızlıqla işgəncələr görərək, qəddar işgəncəyə tab gətirməyib həyatla vidalaşan soydaşlarımız, əsir azərbaycanlılar bu çökəkliyə atılıb, üstü örtülüb. Elə işgəncələr də Şuşa həbsxanasında verilib həmin soydaşlarımıza.

Faşizmdən qurtulan həbsxana

44 günük Vətən müharibəsində şanlı ordumuz Şuşa ilə yanaşı, Şuşa həbsxanasını da azad edib. Bəli, azadlıqdan məhrum edilən, amansız işgəncələrə məruz qalan, günlərlə, aylarla ac-susuz yaşayan soydaşlarımızın saxlanıldığı həbsxana erməni cəlladlarından azad edilib. Görkəmi ilə ölüm saçan həbsxana faşist ermənilərdən qurtulub. Məzarlıqdan ayrılıb yaxınlaşırıq həbsxana binasına. İlk olaraq həbsxananın inzibati binasıdır. Bu bina nisbətən təmirli olub. 4 ildir, istifadə edilmədiyi üçün təmirsiz vəziyyətə düşüb. Gözətçinin dediyinə görə, həmin binada həbsxananın rəhbər heyəti və əməkdaşları yerləşirmiş. 

Azərbaycanlıların işgəncə korpusu

Binanı tərk edib arxa tərəfə doğru irəliyəndə qarşımıza uzun, ikimərtəbəli, köhnə və bərbad şəraitli daha bir bina çıxır. Azərbaycanlı əsirlərin saxlanıldığı binadı bura. Bəli, məhz azərbaycanlı əsirlər saxlanılıb həmin binada. Təxminən 25-30 metr uzunluğu var binanın. Olduqca köhnə, antisanitar vəziyyət, divarları adamın üstünə gəlir az qala. Birinci mərtəbənin girişindən qaranlıq bir zirzəmi görünür. Adam zirzəminin girişindən vahimələnir, insanın tükləri biz-biz olur. Azərbaycanlı əsirlərin cərimə kamerası bu zirzəmi olub. Həbsxana qaydalarına görə, burada oturmaq qadağandır. Bura salınan məhbus cəzasını ayaq üstə çəkməlidir. Zirzəmidə yan-yana, hər biri yerdən 15 santimetr hündürlükdə, bir nəfərin zorla dayana biləcəyi təxminən 6-7 səki var. Həmin səkilərin üstündə ayaq üstə cəza çəkirmiş məhbuslar. Elə azərbaycanlı əsirlər də cəza müddətinin çox hissəsini həmin zirzəmidə keçirirmiş. Zirzəmidən yuxarı, birinci mərtəbəyə qalxıram. Birinci mərtəbədə bir və ikinəfərlik kameralardır. Dəmir, həddindən artıq köhnə, təxminən 60-70-ci illərin istehsalı olan bir neçə dəmir çarpayılar qalıb kameralarda.

Qatil erməni məhbusların "sanatoriya" yataqxanası

Dözməyib binadan çıxıram. Həyətdəki ikinci ikimərtəbəli bina da həbsxana məhbusları üçündür. Amma bu bina ilə əvvəlki bina arasında böyük fərq var. Həm təmiri, həm şəraitində. Deyilənə görə, həmin binada Ermənistanda ağır cinayət törədən erməni məhbuslar saxlanılırmış. Binanın kameralarından tutmuş, sanitar qovşaqlarına qədər məhbus üçün normaldır. Bu binanın içərisində məhbusların asudə vaxt keçirmək üçün açıq hava şəraiti də var. Sanki burada ermənilər üçün məhbus yataqxanası deyil, sanatoriya inşa ediblər. Azərbaycanlıların saxlanıldığı və sonda işgəncələrdən öldürüldüyü binada isə heç bir şərait yoxdur. Həbsxana ərazisindən çıxmağa tələsirəm, çünki gördüklərim gözümün önündə o dəhşətləri canlandırır. Soydaşlarımıza işgəncələrin verilməsi, onların xüsusi amansızlıqla döyülərək təhqir edilməsi kadrlarını gözümün önündən uzaqlaşdırmağa, fikrimi yayındırmağa çalışsam da, alınmır.

Həbsxanadan çıxıb maşına əyləşəndə düşünürəm, Azərbaycan dövləti ilə Ermənistanı müqayisə etmək istəyirəm. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ərazilərində təxribat törədən və törətməyə cəhd edən erməni terrorçulara bizim rəftartımızı, 92-ci ildə torpaqlarımızı işğal edən ermənilərin götürdüyü azərbaycanlı əsirlərə verdikləri amansız işgəncələr. Müharibə vaxtı Azərbaycanın Bərdə və Gəncə şəhərlərini raket atəşinə tutmaq əmrini verən, onlarla körpəni valideynsiz, valideyni övladsız qoyan separatçı “lider” Arayik Arutyunyan və onun ərtafındakı caniləri biz Bakıda hansı şəraitdə saxlayırıq, onlarla necə rəftar edirik, amma heç bir günahı olmayan, doğma yurdundan didərgin salınarkən əsir götürülən əliyalın Azərbaycan vətəndaşlarını ermənilər necə işgəncələrlə öldürüb, hansı şəraitdə saxlayıb. Özlərini humanitar, sülhpərəst göstərən beynəlxalq qurumlar isə 30 ildə ermənilərin bu faşistliyini “görmədi”.

Samir Əli

Bakı-Şuşa-Bakı