Kitab bayramından qeydlər - Şəkil çəkdirməyə gələnlər, bekarçılıqdan çay içənlər, telefona baxanlar...
Oktyabrın 2-də başlayan X Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.
Paytaxt sakinlərinə və gələn qonaqlara yaradılan fürsətlə yaxından tanış olmaq üçün sərgiyə üz tutduq.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən sərgiyə getmək istəyənlər üçün nazirlik tərəfindən avtobus xidməti də təşkil olunub. Metronun “28 May”, “Elmlər Akdemiyası” və “Koroğlu” stansiyalarından sərgi keçirilən məkana getmək-gəlmək mümkündür.
“Elmlər Akedmiyası” stansiyasından çıxıb, “xüsusi” avtobusların dayandığı əraziyə çatanda artıq xeyli insan toplaşmışdı. Avtobusların gec gəlməsindən narazılıq edənlər olsa da, təşkilatçılar tıxac məsələsini önə çəkib vəiyyətdən çıxırdı.
Hətta sərgiyə getmək istəyənlərdən bəziləri öncəki gün eyni ərazidə bir neçə saat gözlədiklərini, avtobus gəlmədiyi üçün gedə bilmədiklərini deyirdilər.
“Buna da şükür”, - deyib yola çıxırıq. Şəhərin dolanbac yollarından keçib, “aeroport yoluna” çıxana kimi bir saata yaxın vaxt keçir. Saatın tamamında sərginin keçirildiyi əraziyə çatırıq.
İçəridə izdiham var. İlk gözə dəyən kənarda, ayrıca qoyulan masanın başında dayanan yazıçı Kəramət Böyükçöl olur.
Kitablarını izdihamdan kənarda, girəcəkdə oxucularına təqdim edən yazıçının ətrafına toplaşanların əksəriyyəti onunla şəkil çəkdirmək istəyir...
Sərgidə vəziyyətin necə olduğunu soruşuram. Kəramət bəy deyir ki, istirahət günü işə yarayıb: “Neçə gündür, gələnlər az idi. Bu gün sayları artıb”.
Söhbətimzi şəkil çəkdirmək istəyənlərin çoxsaylı istəyi yarımçıq qoyur...
Yazıçının bir neçə kitabını əlinə yığan gənc “Haqqında eşitmişəm, amma hələ oxumamışam, bu gün alacağam. Hansı kitabını alım, ona qərar verə bilmirəm”, - deyir.
Amma daha çox əlində ayrıca tutduğu “Səs” kitabına diqqət kəsilmişdi...
İzdihamın arasından birtəhər sərgiyə daxil oluram. Təmsilçilərlə söhbət eidrəm. Hamısı eyni sözü deyir.
Məlum olur ki, bu il kitab əvvəlki illərə nisbətən çox az satılır. Səbəb kimi isə insanların sərgiyə daha az gəlməsi göstərilir.
Ümumi qənaət isə belədir ki, sərgi ilə bağlı insanlar gec məlumatlandırılıb. Hətta çox insan məlumatsız qalıb.
Yenə də dedektiv və fantastika...
Nəşriyyat təmsilçiləri deyir ki, kitab almaq istəyənlər daha çox dedektiv və fantastika janrına üstünlük verir.
Maraq olan müəlliflər arasında yazıçı Varislə yanaşı, Salam Qədirzadənin adını çəkənlər olur: “Gənclər əvvəlki müəlliflərdən daha çox Salam Qədirzadənin kitablarına maraq göstərirlər”.
“Şərq-Qərb” Nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı bildirir ki, son illər oxucu kütləsi nisbətən artsa da, bu amili alıcılıq qabiliyyətinə şamil etmək olmur: “İnsanlar kitabı daha çox əldən-ələ alıb oxuyurlar. Kitablar da bahadır. Nüsxəsi 25 manata başa gələn kitab var. Mən özüm bir oxucu kimi ala bilmirəm. Hətta 10 manata olan kitabları belə, məhdud sayda almaq olur. Çünki başqa ehtiyaclar var. Kağızdan ƏDV götürülsə də, nəşr prosesi bahadır. Bütün detalları yerində olan kitabın ərsəyə gəlməsinə xeyli vəsait xərclənir ki, bu da qiymətə təsir edir. İnsanlar kitaba baxır, vərəqləyir, məsələ almağa gələndə endirim olub-olmadığını, yaxud hədiyyə verilib-verilmədiyini soruşurlar”.
3 gündür, ancaq çay içməklə məşğuluq...
“Çapar” tarix jurnalının baş redaktoru, araşdırmaçı-yazar Dilqəm Əhməd gənclərin cümhuriyyət mövzusuna maraq göstərdiklərini deyir: “Biz Azərbaycanın cümhuriyyət tarixi ilə bağlı müxtəlif müəlliflərin kitablarını çap edirik. Cümhuriyyət mözvzularına son on ildə, xüsusilə gənclər tərəfindən böyük rəğbət var ki, bu da bizi sevindirir”.
Söhbət sərgidə ümumi kitab satışına gələndə Dilqəm bəy də təəssüfünü gizlətmir: “Satışlar bir az zəifdir. Son 3 gündür, sərgidə sadəcə çay içirdik. Çox az sayda oxucu gəlirdi. Həftə sonu bir az vəziyyət düzəlib.
Nə üçün az insanın gəldiyini sərgidən sonra təhlil edəcəyik. Amma sosial şəbəkələrdən gördüyüm qədərilə, yolun uzaqlığı, nəqliyyat problemi, kitabın bahalığı məsələləri önə çəkilir. Qardaş Türkiyə ilə müqayisədə bizdə kitablar daha ucuzdur. Sərgidə bütün nəşriyyatlar 30-70 faiz endirimlər qoyub. Tələbələr gəlir baxır, ancaq bir kitab ala bilirlər. Çünki digər qayğıları da çoxdur”.
Uşaqların doğru təlim-tərbiyəsi ilə bağlı 10-dan çox kitabın müəllifi olan araşdırmaçı-yazar Siyavuş Quliyev yaxınlaşanlara təkcə kitablarını təqdim etmir, sahənin nə qədər vacib olduğunu da ətraflı izah edir. Belə ki, müəllifə yaxınlaşan oxucu cəmi 5 dəqiqənin içində övladının həyatına müsbət mənada toxuna biləcək bir cümlə öyrənə bilir.
Yazan, nəşr edən və oxuyan bir yerdə...
İzdihamın içində Mətbuat Şurasının sədri Rəşad Məcid öz balaca nəvəsi ilə gözə dəyir. Sədr deyir ki, naşirlərin kitab sərgisinə az adam gəlməsi ilə bağlı narazılığına qarşılıq olaraq nəvəsi İpəklə birlikdə sərgiyə qatılıb: “Bu gün adam çoxdur. Ümid edirəm ki, naşirlər də razı qalarlar. Kitab oxumaq vacibdir. Mütaliə, xüsusilə gənclər üçün əhəmiyyətlidir. Sərgilərin də üstünlüyü ondadır ki, tərəflər görüşə bilirlər. Kitab yazan, nəşr edən və oxuyanların bir yerə toplaşması gözəl aura yaradır”.
Sərgidə brayl əlifbası ilə olan kitablar çox az sayda gözə dəyir. Respublika Gözdən Əlillər Kitabxanasının əməkdaşı Kəmalə Quliyevadan səbəbini soruşuruq: “Brayl əlifbasında kitab çox az nəşr olunur. Çünki bu kitabların ərsəyə gəlməsi çox bahalı prosesdir. Daha çox disklər satırıq”.
Haşiyə: Görmə ilə bağlı problem yaşayan insanlarla söhbət zamanı onların klassikləri, Azərbaycan yazıçılarını brayl əlifbasında oxumaq istəklərinin şahidi olmuşam. Amma bu cür kitablar, demək olar ki, yoxdur.
Sosial şəbəkə hesabında kitab sərgiləri ilə bağlı mütamadi təbliğat aparan yazıçı, “Qanun” Nəşriyyatının redaktoru Şərif Ağayar da sərginin ilk günlərində gələnlərin az olduğunu deyir: “Görünür, tədbirin reklamı və tanıdılmasında da problemlər var. Amma istirahət günlərində canlanma müşahidə olunur. “Qanun” Nəşriyyatı olaraq sərgi çərçivəsində 40-a qədər imza günləri və panel müzakirələrimiz, eyni zamanda poeziya axşamlarımız var. Ayın 8-nə qədər bu cür tədbirlərimiz davam edəcək”.
İştirakçıların nə üçün kitabı az alqdıqlarını özlərindən soruşuram. Məlum olur ki, tələbələr daha çox sərgi ilə tanış olur, kitablara baxmaqla kifayətlənirlər. Övladı ilə sərgiyə qatılanlar isə daha çox uşaq kitabları alır. Müəlliflərin imza günlərinə gələn dost-tanışlar bəlli kitabları alırlar. Nəticədə sərgiyə qatılanlar az sayda kitabla ayrılırlar.
İştirakçı Sevda (tələbə) deyir ki, əslində almaq istədiyi 6-7 kitab olsa da, sadəcə birini alıb: “Büdcəm ancaq bir kitab almağa imkan verdi. Amma baxıram, tanış oluram. Bu da gözəldir. Özümə söz vermişəm ki, hər dəfə təqaüdümü alanda bir kitab alım”.
Valideynlər isə uşaq kitablarının baha olmasından şikayətlənir.
Samirə xanım deyir ki, balaca jurnal tipli nəşrləri 4-5 manata almaq mümkün olsa da, yaxşı tərtibatda nəşr olunmuş daha maraqlı kitabları 20-25 manatdan aşağı almaq olmur.
Onu da qeyd edim ki, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisənin iştirak etdiyi sərgidə 18 xarici ölkədən 56 qurum da iştirak edir.
Xarici ölkələrdən olan təmsilçilərə iştirakçı marağı olmadığından olacaq ki, onlardan bəziləri sakitcə ətrafı seyr edir, bir qismi isə telefonu ilə məşğul kimi görünürdü...
Xatırladaq ki, Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilən kitab sərgisi oktyabrın 8-də başa çatacaq.
Aygün