Nəşi İmişlidən Göyçaya gətirildi - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan şəhid Daşqın Behbudov 31 il sonra öz vətənində dəfn edilib.
TNS-in yerli müxbirinin əldə etdiyi məlumata görə, Behbudov Daşqının meyitinin qalıqları Göyçay rayonuna gətirilib.
Onun nəşi bu günə kimi İmişli şəhər məzarlığında naməlum şəhid kimi dəfn olunubmuş. Şəhidin nəşi bu gün Göyçay rayonun Mırtı kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Mırtı kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Şəhidin tabutunu bükülən Azərbaycan Bayrağı şəhidin qardaşına verilib. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Daşqın Behbudov 1993 ildə Göyçay RHK tərəfindən hərbi xidmətə çağırılıb, 1994 ilin yanvarında Füzuli r-nunun Şükürbəyli k. ərazisində itkin düşüb. Göyçay r-n məhkəməsinin 2007 il tarixli qətnaməsinə əsasən ona şəhid statusu verilib.