Azad olunmuş bu ərazilərə qazın verilməsinə başlanıldı

"Artıq xeyli vaxtdır, azad olunmuş ərazilərin qazlaşdırılmasına başlanıb".
Bunu TNS-ə müsahibəsində “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev deyib.
O bildirib ki, azad olunmuş ərazilərdə keçmiş məcburi köçkünlərin məskunlaşdığı evlər mavi yanacaqla təchiz edilib: “Bu, bizim üçün müqəddəs bir işdir. “Azəriqaz” İstehsalat Birliyi “Böyük Qayıdış” proqramı çərçivəsində Laçın, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Füzuli, Xocavənd, Ağdərə rayonları ərazilərində daşıyıcı qaz kəmərləri şəbəkəsinin qurulması işlərini aparmışdır. Hal-hazırda, Xankəndi şəhərində, Laçın, Cəbrayıl, Füzuli, Zəngilan və Ağdərə rayonları ərazisində soydaşlarımız məskunlaşdığı bina və evlər təbii qazla mərhələli şəkildə təmin olunur. “Azəriqaz” İstehsalat Birliyi daşıyıcı qaz xətlərini çəkir, digər sifarişçilər isə yaşayış məntəqələrinin daxili paylayıcı qaz şəbəkəsinin qurulması işlərini və evlərin qazlaşdırılmasını həyata keçirir. Qeyd olunan işlər planlı şəkildə davam etdirilir”.