Close

Bu kəndlərə qaz nə zaman veriləcək? - RƏSMİ

Quba rayonunun Şuduq və Növdün kəndlərinin sakinləri qaz problemindən əziyyət çəkirlər.

Məlumata görə, iki kənddə 700-ə yaxın sakin yaşayır. Sakinlər bildirir ki, 3 km aralıda yerləşən qonşu kəndə qaz çəkilsə də, Şuduq və Növdündə hazırda yanacaq mənbəyi kimi odundan istifadə olunur. Odun əldə etmək isə maddi baxımdan sakinlərə baha başa gəlməklə yanaşı, ekoloji problemlərə də yol açır.

Kənd sakinləri dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, müsbət cavab ala bilməməkdən şikayət edirlər.

“Azəriqaz” İstehsalat Birliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev TNS-ə bildirib ki, qazlaşma prosesi hələ ki, qurumun öz resursları hesabına həyata keçirilir: “Qazlaşma prosesi “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına və mərhələli şəkildə həyata keçirilir. Quba rayonunun Şuduq və Növdün kəndlərinin qazlaşmasına da növbəti mərhələlərdə baxılacaq”.

Qurum rəsmisi onu da əlavə edib ki, hazırda ümumilikdə Quba rayonunun abonent sayına görə qazlaşma səviyyəsi 83,8 faiz təşkil edir. 

Aygün