“Arkoz”dan daha bir nümunəvi addım - Şəhid ailəsinin müraciəti cavabsız qalmadı - FOTOLAR
“Arkoz Sement Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycanın qərb bölgəsində şəhid ailələri üçün inşa etdiyi daha bir evin açılışı olub.
TNS xəbər verir ki, 44 günlük Vətən Müharibəsində qəhərəmancasına şəhid olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Sərxan Abdullayevin ailəsi üçün Ağstafa rayonunun Dağ Kəsəmən kəndində tikilən evin açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Səməd Seyidov, Ülviyyə Ağayeva, "Arkoz Qazax Sement Zavodu" MMC-nin rəhbərliyindən Mücahit Uçar, şəhidin ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə şəhidin döyüş yolundan, Vətən Müharibəsindəki qəhrəmanlığından söhbət açılıb. Bildirilib ki, şəhid Abdullayev Sərxan Elxan oğlu ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Onun ailəsinin “Arkoz Qazax Sement Zavodu” MMC-yə müraciəti cavabsız qalmayıb, qısa müddət ərzində onlar üçün müasir tələblərə cavab verən ev tikilib və yeni mebel avadanlıqları ilə təchiz edilib. Bu ev noyabrın 2-si doğum günü olan qəhrəman şəhidimizin ailəsinə edilən ən gözəl hədiyyədir.
Qeyd olunub ki, fəaliyyətə başladığı ilk gündən tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan Arkoz Qazax Sement Zavodu Azərbaycanın iri sement istehsalçılarından biridir. Müəssisə illərdir ki, böyük layihələrə imza atmaqda davam edir.
Zavod fəaliyyəti dövründə xeyirxah əməlləri ilə hər zaman seçilib, rayonda görülən işlərə öz töhfəsini verib. “Arkoz” fəaliyyət göstərdiyi Qazax rayonunun Daş Salahlı kəndində çoxsaylı sosial layihələr icra edib. Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçası və 3 saylı Körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri qayğı Qazax rayonunda da hər zaman örnək götürülür. Rayon rəhbərliyi tez-tez şəhid ailələrini, qazilərimizi ziyarət edir, onların qayğıları ilə maraqlanır.
Tədbirdə “Arkoz Qazax Sement Zavodu” MMC-nin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqətdən ətraflı bəhs edilib.
Vurğulanıb ki, “Arkoz” şirkəti dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğını hər zaman öz fəaliyyətində örnək götürür. Xeyirxah əməllərini davam etdirərək öz ənənəsinə sadiq qalan zavod rəhbərliyi şəhid ailələrinə, qazilərimizə daim qayğı göstərir, onların sosial problemlərinin həlli istiqamətində nümunəvi addımlar atır. Bu qayğının nəticəsidir ki, bu gün zavodda xeyli sayda şəhid ailələrinin üzvləri çalışır.
Məlumat verilib ki, zavod tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtük salınıb, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən Müharibəsi əlili Rəhimov Fəqan Fazil oğlunun yaşadığı ev əsaslı şəkildə yenidən qurulub.
Bundan başqa, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi xidmət etmiş, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş gizir Əhmədov Elvin Qələndər oğlunun evi də əsaslı şəkildə təmir edilib.
Sonra yeni evin açılışını bildirən lent kəsilib, qonaqlar şəhidin ailəsi üçün yaradılan şəraitlə tanış olublar.