Hökumət istismarı qadağan edib, onların fəaliyyəti qeyri-qanunidir - RƏSMİ AÇIQLAMA - FOTO-VİDEO
Tərtərçayın hövzəsi qum-çınqıl çıxaranlar tərəfindən o qədər qazılıb ki, ətrafda balaca təpələr, dərin yarğanlar yaranıb.
Tərtər sakinlərinin TNS-ə verdiyi məlumata görə, ətrafdan baxanda burada hər hansı çayın olduğu görünmür. Qum və çınqılın həddən artıq yığılması nəticəsində onsuz da az gələn çay dərinlikdə qalıb.
Sakinlər ərazidə hazırda da qum və çınqılın toplanıldığını bildirirlər. Bununla əlaqədar çəkdikləri fotoşəkilləri redaksiyamıza göndəriblər.
Kəlbəcər, Bərdə və Tərtər rayonları ərazisindən axan Tərtərçayın keçdiyi bütün yerlərdə eyni vəziyyətin höküm sürdüyü vurğulanır.
Çay hövzələrində qum-çınqıl karxanalarının fəaliyyət göstərməsi normaldır. Çay yataqlarından həmin vasitələr normal şəkildə toplanıb istifadə oluna bilər. Mütəxəssislər bildirir ki, çay yatağından nizamsız şəkildə istifadə yolverilməzdir.
“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli TNS-ə açıqlamasında bildirib ki, çay yataqlarından çınqıl, qum toplanması hər zaman olub. Onun sözlərinə görə, əsas məsələ prosesin normal şəkildə aparılmasıdır: “Bizdə bu işlərlə daha çox çınqıl karxanaları quran məmurlar, onların arxasında durduğu şirkətlər məşğul olurlar. Əslində, bu işlər hökumətin nəzarəti altında olmalıdır. Müvafiq qurumlar araşdırma aparmalı və razılıq rəyi verilməlidir. Çünki çay yatağının qazılması nəticəsində yataq dəyişə, sel gəldiyi zaman problemlər yarana bilər və s. Bu işlər elmi yanaşma tələb edir. Yəni, çay yatağının qazılması, çınqıl toplanması rəy verilmiş yerlərdə aparılmalıdır”.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mətbuat katibi Amal Alışarlı isə TNS-ə bildirib ki, həmin bölgədəki sahələrin istismarı ləğv edilib. Hazırda istismar varsa, bu, qeyri-qanunidir: “Tərtərçay hövzəsində qanuni istismar ola bilməz. Əgər vətəndaşların şikayəti varsa, bununla bağlı müvafiq orqanlara müraciət edilməlidir”.
Aygün