Close

Ağcabədidə istehlaka yararsız ətin satışının qarşısı alınıb

Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin və digər aidiyyəti dövlət orqanlarının əməkdaşlarının həyata keçirdiyi birgə tədbirlər zamanı istehlaka yararsız, mənşəyi məlum olmayan ətin dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən TNS-ə verilən məlumata görə, Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan fiziki şəxs İsmayılov Cəmil Yunis oğluna məxsus həyətyanı sahəyə baxış keçirilərkən qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Baxış zamanı kəsim sahəsinin qüvvədə olan normativ-hüquqi aktların tələblərinə cavab vermədiyi, habelə kustar üsullarla təchiz edilmiş kəsim qurğuları müəyyən edilib. Fiziki şəxs Hüseynov Fuad Tahir oğlu izahatında kəsim sahəsini İsmayılov Cəmil Yunis oğlundan icarəyə götürdüyünü bildirib.

Aparılan araşdırma zamanı aşkarlanmış ətin məxsus olduğu heyvanın aqoniya halında kəsilməsinə və istehlak üçün yararsız olmasına (kəskin qoxu, ətdə yapışqanlılıq, ətin rənginin qeyri-spesifik olması və s.) əsaslı şübhələr yarandığı üçün 837 kiloqram ət və subməhsullar müsadirə edilib.

Müayinələrinin aparılması məqsədilə ətdən və subməhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Mənşəyi məlum olmayan ətin geri qalan hissəsi isə saxlanca qoyulub.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.