"Bütün hallarda Qərbi Azərbaycana qayıdacağıq"
Bu günlərdə Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfrans keçirildi.
51 ölkədən 100-dən çox xarici nümayəndənin iştirakı ilə baş tutan konfransda bu istiqamətdə görülən və görülməsi vacib olan məsələlər müzakirə olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətində vurğulanıb ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır: “Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”.
Keçirilən konfranslar, ölkəmiz tərəfindən bu istiqamətdə aparılan işlər qayıdış prosesində irəliləyişi yaxın zamanlarda görə biləcəyimizə əsas verirmi?
Mövzu ilə bağlı TNS-ə danışan Milli Məclisin deputatı Hikmət Məmmədov Qərbi Azərbaycana qayıdışın milli vəzifəmiz olduğunu vurğulayıb: “Qərbi Azərbaycana qayıdış bütün Azərbaycan xalqının mübarizə əzminin nəticəsində mümkün ola bilər. Ona görə ki, Qərbi Azərbaycan bütövlükdə Azərbaycan xalqının tarix boyu yaratdığı etnomədəni coğrafiyanın bir parçasıdır. Bu gün başlanan mübarizənin sabah nəticə verməsi, əlbəttə, bir qədər qeyri-real görünə bilər. Amma bütün hallarda ümummilli fəaliyyətimiz, Azərbaycan cəmiyyətinin ictimai enerjisinin səfərbər olunması, dövlət strukturlarının, xarici siyasət idarəsinin, eyni zamanda ideoloji və qeyri-hökumət təşkilatları institutlarının birgə səyi nəticəsində Qərbi Azərbaycana qayıtmağımızın mümkün olduğuna hər bir azərbaycanlı inanır və inanmalıdır. Çünki bu, milli hədəf, milli məqsəddir. Bu, təkcə Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması ilə bağlı hüquqi mücadilə deyil. Həm də Azərbaycanın etnomədəni coğrafiyasının yeni tarixi mərhələdə bərpa olunması hadisəsi kimi dərk edilməlidir”.
Hikmət Məmmədov qeyd edib ki, ən əsası, “İnsan hüquqları haqqında Beynəlxalq Bill”- beynəlxalq hüquq bu haqqı Qərbi azərbaycanlılara tanıyır: “Biz bəlkə gec, bəlkə tez, amma bütün hallarda Qərbi Azərbaycana qayıdacağıq. Çünki bu, həm beynəlxalq hüquq, həm də haqq və ədalətlə zəruri olan haldır. Ədalətin və hüququn təntənəsi isə gec-tez mütləq bir gün baş tutur”.
Aygün İbrahimli