Qarabağ və Şərqi Zəngəzurda yaşamaq istəyən Qərbi azərbaycanlıların sayı AÇIQLANDI
Qərbi Azərbaycandan olan həmvətənlərimizdən işğaldan azad olunmuş rayonlarımızda, Qarabağda yerləşdirilənlərin olacağı ilə bağlı məlumatlar yayılır. Bu məlumatlar nə qədər doğrudur? Ümumiyyətlə, vaxtilə Qərbi Azərbaycandan gələn vətəndaşlarımızdan Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmaq istəyənlər çoxdurmu?
TNS-in bununla bağlı sualını Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli cavablandırıb.
Millət vəkili bildirib ki, Qarabağın məskunlaşması ümummilli məsələdir: “Son 35 ildə Qarabağ məsələsi bütövlükdə Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının məsələsi olub və hər kəs bu məsələyə öz töhfəsini verməyə çalışıb, bu yolda on minlərlə insanımız şəhid və əlil olub. Bu gün Qarabağda aparılan quruculuq işləri də ümummilli məsələdir, bu işə də hər kəs öz töhfəsini verməlidir. Əvvəlcə məcburi köçkünlərimiz olmaq şərtilə səmimi istəyi və ehtiyacı olan hər bir Azərbaycan vətəndaşı o torpaqlarda əbədi məskunlaşıb yaşaya bilər. O cümlədən Qərbi Azərbaycan qaçqınları. Amma təbii ki, bütün bu işlər müvafiq dövlət qurumları tərəfindən planlı, məqsədyönlü şəkildə və mərhələ-mərhələ həyata keçirilməlidir”.
İcma sədri onu da vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərə Qərbi azərbaycanlılardan kimlərinsə köçməsi heç də onların Qərbi Azərbaycana qayıdış istəyindən imtina etməsi kimi başa düşülməməlidir: “Tarixi torpaqlarımıza, ata-baba yurdlarımıza qayıdış bizim əsas hədəfimizdir və heç kəs bunu bizə qadağan edə və ya bizi bundan imtinaya məcbur edə bilməz. Bu, bizim beynəlxalq hüquqa söykənən təməl haqqımızdır. Lakin bu Qayıdış reallaşana qədər hamı kimi, hər bir Qərbi Azərbaycan qaçqını da yaşayış və iş yeri seçimində azaddır.
Onu da xatırladım ki, işğaldan azad olunmuş torpaqlarımıza köçüb orada daimi yaşamaq üçün bu gün artıq Qərbi Azərbaycan İcmasına və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Qərbi Azərbaycan qaçqını olan 10 mindən artıq ailə müraciət edib və bu müraciətlər hər gün davam edir. Həm də nəzərə almaq lazımdır ki, həmin insanların bu istəyinin arxasında özü üçün rahat həyat şəraiti yaratmaq istəyindən daha çox Zəngəzurdakı, Dərələyəzdəki, Göyçədəki, Qaraqoyunludakı ata-baba yurdlarına yaxın olmaq istəyi dayanır. Çünki işğaldan azad olunmuş ərazilərimiz bu tarixi bölgələrimizlə tək qonşu olmayıblar, həm də həmişə iç-içə yaşayıblar, bir el olublar, çox sıx qohumluq əlaqələri var”.
Aygün İbrahimli