Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər

Dünyanın 30 ölkəsinin səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilər Qarabağa səfər çərçivəsində Xankəndi şəhərinə gəlib.
TNS-in Qarabağ müxbirinin xəbərinə görə, beynəlxalq səyahətçilər Füzuli və Şuşa şəhərlərini ziyarət etdikdən sonra Xankəndiyə səfər ediblər.
Qarabağ Universitetində olan səyyahları universitetin rektoru Şahin Bayramov qarşılayaraq ümumi məlumat verib. Daha sonra Xankəndi şəhərində aparılan böyük tikinti quruculuq işləri ilə yaxından maraqlanıblar. Burda beynəlxalq səyyahlara məlumat verilib ki, hazırda Xankəndi Konqres mərkəzi və Zəfər parkı tikilir. Mədəniyyət, Biznes mərkəzi, Prezidentin Xankəndi, Ağdərə və Xocalı üzrə Xüsusi nümayəndəliyinin inzibati binası, Zəfər muzeyi və şəhər stadionunda əsaslı təmir bərpa və yenidənqurma işləri həyata keçirilir. Ekskursiya zamanı səyyahlara Xankəndinin tarixi və turizm potensialı barədə də ətraflı məlumat verilib.
Xatırladaq ki, heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları öz gözləri ilə görəcəklər.
Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.