Close

Sarıcalıya köçürüləcək ailələrin sayı açıqlandı

Media nümayəndələrinin Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndinə səfəri başlayıb.

TNS-in yerli müxbirinin xəbərinə görə, media nümayəndələri ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışını etdikləri Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsi ilə tanış olublar.

Media nümayəndələrinə Sarıcalı kəndi haqqında məlumat verən Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib ki, kənd Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal edilib.

"İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilib, evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilib. Vətən müharibəsi nəticəində ordumuzun şanlı qələbəsindən sonra Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb. Sarıcalı kəndində 1873 nəfərin (425 ailə) yaşaması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub”, - deyə o bildirib.

Xatırladaq ki, Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.

Media nümayəndələri Sarıcalı kəndində fərdi yaşayış evlərinə baş çəkiblər. Leyla Sarab bildirib ki, artıq 203 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.

Qeyd edək ki, birinci mərhələ üzrə buraya 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır.

Ziya Əmirxanlı