Ağdamda 10 minə yaxın əhali məskunlaşacaq - FOTO-VİDEO

Ağdamda 2025-ci ilin sonundək 10 minə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur.
Bunu TNS-in yerli müxbirinə açıqlamasında Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi deyib.
O bildirib ki, Ağdam şəhərində beş yaşayış məhəlləsində tikinti işləri sürətlə davam edir: “Təsdiq olunmuş Baş Plana uyğun olaraq, Ağdamın mərkəzi küçəsində salınır. Bu ərazinin böyük hissəsi yaşıllıq zonası olacaq, eləcə də velosiped dayanacaqları, istirahət köşələri və digər zəruri infrastruktur obyektləri də yaradılacaq. Binaların tikintisində həm müasir memarlıq sənətindən, eləcə də milli naxış və ornamentlərdən istifadə olunub”.
L.Sarabi onu da qeyd edib ki, ikinci yaşayış məhəlləsinin tikintisinin bu ilin sentyabr-oktyabr aylarında tamamlanması nəzərədə tutulur və buraya ailələr köçürüləcək.
Qeyd edək ki, Ağdam şəhərində yerləşən ikinci yaşayış məhəlləsinin ümumi sahəsi 14 hektara yaxındır. 11 kvartaldan ibarət olan bu məhəllədə mənzilərin bir, iki, üç, dörd otaqlı olması planlaşdırılır.
Ziya Əmirxanlı