Xocalıda neçə nəfər məskunlaşıb?

Hazırda Xocalıda ümumillikdə 142 ailə, 671 nəfər məskunlaşıb.
Bu barədə TNS-ə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, hazırda Xocalı şəhərində 52 ailə, 204 nəfər məskunlaşıb. Eyni zamanda, Xocalı rayonu, Ballıca kəndinə 90 ailə, 467 nəfər sakin köçürülüb.
TNS-in məlumatına görə, bu ay Xocalıya köç nəzərdə tutulmayıb.
Xatırladaq ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal olunub, şəhərin əhalisi soyqırımına məruz qalıb.
Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Aygün