Close

Azad olunan ərazilərə köçürülənlərin sayı açıqlandı

Bu günədək işğaldan azad edilmiş ərazilərə 5 şəhər, 5 kənd olmaqla, 10 yaşayış mənətəqəsi üzrə köçürülmə olub, ümumilikdə 10 mindən çox keçmiş məcburi köçkün doğma yurduna qayıdıb.

Bu barədə TNS-in sorğusuna cavab olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən il doğma yurda qayıdanların sayı 5 mindən çox olub: “Hazırda Qarabağda və Şərqi Zəngəzurda, 2023-2024-cü illərdə ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyənlərin sayı 34 min nəfərdən çoxdur.

İşğaldan azad edilən ərazilərdə bərpa edilən və yeni salınan yaşayış məntqələrinin bərpa qrafikinə uyğun olaraq mərhələli şəkildə  köçürülmə 2025-ci ildə də davam etdiriləcək”.

Məlumatda vurğulanıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. İlkin mərhələdə müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan məcburi köçkünlərə qayıdış imkanı yaradılır. Doğma yurda dönən ailələrin hər biri ailə tərkibinə uyğun olaraq mənzillə təmin edilir.

Aygün