Close

13:49
02 Yanvar 2025

Xankəndi, Xocalı və Ağdərə hansı işlər görülüb?

İşğaldan azad edilən Xankəndi şəhərində son bir ildə geniş abadlıq tikinti quruculuq işləri aparıb.

Bu barədə TNS-in yerli müxbirinə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bölgədə inzibati idarəetmənin təşkili, əhalinin müxtəlif sahələr üzrə ehtiyaclarının ödənilməsi və xidmətlərdən faydalanması məqsədilə bir çox dövlət orqanı və təşkilatının regional fəaliyyəti təmin edilib.

Hazırda Xankəndidə, Ağdərə və Xocalı rayonlarında istehsal, xidmət, ictimai iaşə və kənd təsərrüfatı kimi sahələr üzrə yüzlərlə sahibkarlıq obyekti fəaliyyət göstərir. Qeyd olunan obyektlər üzrə on milyonlarla manat investisiya reallaşdırılıb və yüzlərlə insan işlə təmin olunub.

“Ərazidə xarici investisiyanın cəlb edilməsi ilə yaradılan və məşğulluğun təmin edilməsində böyük rol oynayan müəssisə kimi Xankəndi Tikiş Fabrikini qeyd etmək olar. Müəssisədə ilkin mərhələdə 400, gələcəkdə isə 800 nəfərin işlə təmin edilməsi planlaşdırılır. Hazırda müəssisədə 300 nəfər işləyir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərir.

28 may tarixində Xocalı şəhərinə ilk 46 ailənin köçürülməsi ilə əraziyə keçmiş məcburi köçkünlərin geri qayıdışı prosesi start götürüb. Dekabrın 13-də Xocalının Ballıca kəndinə 27 və dekabrın 27-də isə daha 21 ailə köçürülüb.

Yaxın müddətdə Xankəndidən olan keçmiş məcburi köçkünlərin məskunlaşması prosesi də start götürəcək. Hazırda Xankəndidə 8 minə yaxın insan məskunlaşıb, bu say günü-gündən artmaqdadır”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, ölkə rəhbərinin iştirakı ilə mühüm əhəmiyyətli obyektlərin təməlqoyma mərasimi və açılışı baş tutub: “Cənab Prezident Qarabağ Universitetində görülən işlərlə tanış olub, Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” və “Palace” otellərinin açılışında iştirak edib. Dövlət başçısı həmçinin Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. Qarabağın özünəməxsus memarlıq üslubunda inşa ediləcək Konqres Mərkəzi və onunla bir kompleksdə yer alacaq “Xankəndi” hotelinin layihəsi barədə ölkə başçısına məlumat verilib. Prezidentin növbəti səfəri çərçivəsində Qarabağ Universitetinin, yeni istifadəyə verilmiş orta məktəb və uşaq bağçasının açılışı olub. Qarabağ Universitetində müasir tədris korpusları, eləcə də Universitetin tələbə və müəllimləri üçün müasir standartlara uyğun yataqxana və mənzillər təqdim edilib.

Eyni zamanda cənab Prezident Xankəndi şəhərinin “Zəfər meydanı”nda Konqres Mərkəzinin tikintisi və Bulud hotelin təmir-bərpa işləri ilə də tanış olub. Şəhərdə Zəfər parkının, Zəfər muzeyinin və Mədəniyyət mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb”.

Ziya Əmirxanlı