Növbəti köç karvanı Xocalıya çatdı - YENİLƏNİB - FOTO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Dekabrın 13-də növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.
TNS xəbər verir ki, Xocalı 32 ildən sonra doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 27 ailə olmaqla, 152 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.
Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
12:21
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Xocalı rayonunun yenidən qurulan Ballıca kəndi də sakinlərini qəbul etməyə hazırdır.
TNS xəbər verir ki, dekabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. İlk mərhələdə kəndə 27 ailə - 152 nəfər köçürülür.
Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
11:34
Xocalının Ballıca kəndinə köç karvanı yola salınır.
TNS xəbər verir ki, bu gün Xocalı rayonunun Ballıca kəndinə 27 ailə (152 nəfər) köçürülür.
Hazırda kənddə 192 fərdi yaşayış evinin təmir olunması nəzərdə tutulub. O cümlədən, 1-ci mərhələdə təmir olunması nəzərdə tutulan fərdi ev sayı 82, 2-ci mərhələdə təmiri aparılacaq fərdi ev sayı isə 110-dur.
Kənd eyni zamanda, su, qaz, elektrik enerjisi ilə təchiz edilib, internet xətti çəkilib. Tibb və polis məntəqəsinin binaları, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası hazırdır.
Qeyd edək ki, Xocalı rayonunun Ballıca kəndi Xocalı şəhərindən 10,6 km məsafədə yerləşir. Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olub. 1992-ci ildə Ermənistan tərəfindən işğal olunub və Ermənistan ordusu tərəfindən silah anbarı kimi istifadə edilib. 2020-ci oktyabrın 5-də Vətən müharibəsi zamanı silah anbarı Azərbaycan Ordusu tərəfindən məhv edilib. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində kənd azad olunub.
Xatırladaq ki, hazırda işğaldan azad olunmuş ərazilərdə 30 mindən artıq insan yaşayır.