30 ilin ağrısını geridə qoyub, bəyaza bürünən şəhər...
Əsgəranın mərkəzini keçəndən sonra Asəf “Bax buradır”, - deyib kövrəldi. Maşını özümdən ixtiyarsız saxladım, düşüb, dərəyə boylandıq. Asəf dedi ki, Xocalı sakinlərini şərəfsizlər bu dəhlizdə öldürüblər.
Dəhşətli mənzərədir. Xocalılara deyiblər ki, şəhəri tərk edin, buradan sizə çıxış üçün dəhliz veririk. Elə məhz həmin yolda hücum ediblər əliyalın insanlara, qocalara, qadınlara, körpələrə. İnsanlığa sığmayan hərəkətlər ediblər, erməni cəlladlar. Həmin dərəni görmək necə dəhşətli idi mənim üçün. Yüzlərlə günahsız soydaşımız bu ərazidə olmazın işgəncələrinə məruz qalıb.
Ərazıdən uzaqlaşıb, Xocalıya daxil oluruq. Əsgəran qalasından sonra Xocalı ərazisinə keçəndə bir üşütmə gəldi bədənimə, tər basdı məni. Sanki bütün dağ-dərə üstümə gəlirdi. Yer-göy başıma fırlandı. Özümü zorla ələ alıb, başımı dik tutdum. Xocalı torpağı bütün azərbaycanlılar kimi məni də qınayırdı, tənbeh edirdi.
Xocalıda “Çingiz harayı”
Özümdə güc toplayıb daxil oluram Xocalıya. Qız-gəlinlərimizin namusu olan Xocalıya.
Azərbaycanın işğaldan azad olunan bütün ərazilərində olmuşdum, Xocalıdan başqa. Hər azad olunan rayonun ərazisinə daxil olanda bir cür hiss keçirmişəm. Amma Xocalıda çox fərqli duyğular yaşayırdım. Bu, dəhşətli hiss idi. Üşüyürdüm, sanki 92-ci ildə ayaqları don vuran o körpələr ayaqyalın, başaçıq meşəliklə üstümə gəlirdi. Gözümün qabağında canlandı o səhnələr – ana ayaqyalın vəziyyətdə körpəsini bağrına basıb, qar yağa-yağa mənə tərəf gəlirdi, hamilə qadının qarnını kəsib bətnindəki körpəsini məhv edirdi şərəfsizlər. Çingiz Mustafayevin harayı qarşıladı məni, hönkürtülü ağlamaq səsi, o dəhşətli mənzəri yenidən xatırladım. Çingiz Mustafayev ağlaya-ağlaya fəryad edirdi gözümün önündə. Boğulurdum, nəfəs ala bilmirdim. O qədər təmiz, şəffaf havada havam çatmırdı. Ayaqlarım getmirdi Xocalıya. Sanki arxadan bir qüvvə məni geri çəkirdi ki, getmə, nə üzlə gedirsən Xocalıya?..
Ağ gəlinlikdə ağ günə çıxan Xocalım
Özümdə güc toplayıb, daxil oldum Xocalıya. Mavi tabloda ağ hərflərlə “Xocalı” yazılmışdı. Ağ günə çıxmışdı Xocalı. Tablo üzümüzə gülürdü.
30 il işğal altında qalan, başına min bir müsibət gələn Xocalı gülürdü, giley-güzar etmirdi daha. Sevinirdi, şadlanırdı, qürrələnirdi, qürur duyurdu. Öz sakinlərini qəbul edirdi Xocalı.
Ağ gəlinlik libasındadır Xocalı. Daha murdar xislətli düşmənlərimiz başına oyun açmır. Daha cəlladların boyunduruğunda deyil.
Hər yerdə bir canlanma var – yeni yollar çəkilir, şəhərcik salınır, yeni evlər inşa olunur, öz sakinlərini qəbul edir.
Maraqlı bir məqam da o idi ki, Xocalıda inşa edilən evlər də hamısı ağ rəngdə idi. Xocalı ağ rəngə boyanmışdı. 30 il idi ağ rəngə həsrət qalan Xocalı indi ağappaq idi.
Xocalının yamacları da ağ dumana bürünmüşdü. 30 il başı üstünü kəsən qara duman yox olmuşdu. Dağların başından yayılan ağ duman Xocalının tam üstünü örtmüşdü, yağı düşməndən qoruyurdu ağ duman.
Yaxınlaşırıq, yolun kənarlarında, sol tərəfdə yüzdən çox ağappaq ev inşa edilib. Demək olar ki, evlər tam hazırdır, sakinlərini gözləyir. Təzə tikilib, təmirlidir, sakinlərini gözləyir.
Xocalı xoşbəxtliyi
Qarşı tərəfə doğru irəliləyirik, sağda da bir şəhərcik inşa edilib. Bu şəhərcikdə o birilərdən fərqli olaraq canlanma var. Çünki burda artıq yaşayış var. Xocalı sakinləri artıq öz evlərinə köçürülüb. Mərkəzdən 400 kilometrə yaxın məsafədə yeni məskunlaşan insanlar o qədər xoşbəxtdir ki...
İnsanların sifətindəki xoşbəxtliyə baxanda sən də xoşbəxt olursan. Necə xoşbəxt olmasınlar axı? Yurduna qayıtmaq ümidləri tükənən insanlar indi öz evində, öz yurdundadır. 30 ildən sonra öz evində, öz elində nəfəs alır xocalılar. İnsana bundan artıq xoşbəxtlik olarmı?
Bir az da qarşıya adımlayırıq. Yolun sağında 90-cı illərin Xocalı evləri var. Vaxtilə xocalıların min bir əziyyətlə tikib qurduğu evlər. Amma xocalılar həmin köhnə evlərə yox, yeni, müasir mənzillərə köçürülüb. Həmin evlər boş qalıb. Ona görə boş qalıb ki, həmin evlərdə 30 il murdar düşmənlərimiz ermənilərin iyrənc nəfəsi olub. Bu evlər tam dezinfeksiya edilməlidir.
Köhnə Xocalı evlərini də keçəndə Asəf “burada o vaxt Ermənistandan gələn qaçqınlar yerləşdirilmişdi”, - deyib, sağ tərəfi göstərdi. 90-cı ilin qəsəbəsi idi. Mənfur ermənilər bu qəsəbəni də özlərinə məxsus murdarlayıb. Bir hissəni dağıdıb, qalanlarını isə özləri üçün müxtəlif obyektlərə çeviriblərmiş.
Ermənilərin ürəyində qalan “Hadrut arzusu”
Qarşıda 5 mərtəbəli binalar inşa edilib. Yaxınlaşırıq həmin əraziyə. Beşmərtəbələrdən ibarət şəhərcikdir. Düşündüm ki, bu da Xocalı sakinləri üçün inşa edilib. Amma məlum oldu ki, bu şəhərcik ermənilər tərəfindən inşa edilibmiş. Adı da “Hadrut qəsəbəsi” imiş. Məlum oldu ki, həmin qəsəbə 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra ermənilər tərəfindən inşa edilib. Səbəb isə Hadrut “qaçqınları”nı burada yerləşdirmək olub. Etmənistan hakimiyəti müharibədən sonra Xocalıda ikinci dəfə məskunlaşmaq istəyib. Amma şanlı ordumuz onlara bu iyrənc siyasətini də yeritməyə imkan verməyib.
Doğrusu, ermənilərə bu siyasəti yerinə yetirməyə bizdən əvvəl Rusiya sülhməramlıları imkan verməyib. İnşa edilən həmin mənzillərdə Vətən müharibəsindən sonra əraziyə gələn Rusiya sülhməramlıları özləri yerləşib. Və ermənilərin bu arzuları da ürəyində qalıb.
Xocalıdan çıxırıq, qarşıda sağ tərəfdə Xocalı aeroportudur. 92-də işğal olunan, ermənilərin özününküləşdirməyə cəhd etdikləri aeroport. İndi həmin aeroport da bağlı qalıb. Görkəmini dəyişib, öz iyrənc simvollarına bənzətdikləri aeroportda indi Azərbaycan bayrağı dalğalanır. Şanlı ordumuzun rəşadəti sayəsində azad olunan aeroport yenidən qurulacaq, müasir tipdə inşa olunacaq.
Xocalıya zorla adımlayaraq daxil olduğum halda, çıxanda o qədər ürəyim açıldı ki, sanki doğma kəndimi tərk edirdim. Ayrılmaq istəmirdim Xocalıdan. Sanki Xocalı da “getmə, qal” deyirdi mənə. Azərbaycanın şanlı ordusunun azad etdiyi, Azərbaycan dövlətinin sürətlə tikdiyi yeni Xocalı insana sanki qucaq açır, ayrılmaq olmur bu şəhərdən...
Samir Əli