Close

Şuşada ilk dəfə əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Şuşada ilk dəfə əmək yarmarkası təşkil edib.

Bu barədə TNS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aktiv məşğulluq tədbirində dövlət və özəl sektordan 26 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 250-dən çox vakansiya təqdim olunub. Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov yarmarkada təqdim edilən vakansiyalarla tanış olub, işəgötürənlərlə görüşüblər. Tədbirdə Nazirlik yanında İctimai şuranın üzvləri, QHT nümayəndələri də iştirak ediblər. Yarmarkada müraciət edən şəxslərin qeydiyyatı aparılıb və uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işlə təminatı həyata keçiriləcək.

İştirakçılara həmçinin özünüməşğulluq proqramı, Qarabağ Peşə Hazırlığı Mərkəzində təşkil olunan peşə hazırlığı kursları barədə də məlumatlar verilib. Özünüməşğulluq proqramına, peşə kurslarına cəlb edilmək istəyən sakinlərin də qeydiyyatı aparılıb.

Qeyd edək ki, Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.