Close

Yaxınları 32 il əvvəl Ağdamda şəhid olan qardaş-bacının məzarını ziyarət etdilər - FOTO

Erməni təcavüzü təkcə ərazilərimizin bir hissəsinin 30 ilədək işğalda qalması ilə nəticələnmədi.

Bu müddətdə minlərlə insanımız şəhid oldu, neçə-neçə ailənin çırağı söndü. Düşmən heç vaxt müharibə qanunlarına əməl etmədiyi üçün bu savaşda hərbçilər, polislər, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, minlərlə mülki şəxs də həlak oldu, itkin düşdü, girov götürüldü.

İşğal müddətində düşmənin aqibətləri barədə heç bir məlumat vermədiyi üçün 4 min nəfərə yaxın insanımızın taleyindən xəbərsiz qaldıq.

Nəhayət, 44 günlük Zəfər savaşından sonra ədalət bərpa olundu, itkin düşən insanlarımızın da taleyinə aydınlıq gəlməyə başladı. İtkinlərin ailələri heç olmasa, əzizlərinin nəşinin qalıqlarını dəfn etməklə təsəlli tapdı.

Bəziləri isə dağıdılan qəbirlərin arasından yaxınlarının məzarlarını tapıblar. Belə ailələrdən biri də Ağdam şəhərindən olan Muradovlar ailəsidir. Ailənin iki üzvü - Muradova Vəzifə Rza qızı və qardaşı Muradov Qaməddin Rza oğlu 1992-ci ildə eyni gündə şəhid olub. Onların nəşinin qalıqları 32 il sonra tapılaraq, dəfn edilib.

TNS-in bölgə müxbiri ailənin üzvləri Firəngiz və Ələddin Muradovlarla söhbət edib.

q2

Məlum olub ki, 1992-ci ildən ermənilər artıq Ağdam şəhərini və ətraf kəndlərini ağır artilleriya qurğularından atəşə tutmağa başlayıblar. Özünümüdafiə batalyonlarının döyüşçüləri avtomat silahları ilə cəbhə xətti boyunca rayonu qorumağa çalışsa da, top, tank, raket mərmilərinin qarşısını ala bilmirmiş. Şuşa şəhərinə hücum edilən gün - 8 may 1992-ci il tarixində ermənilər Ağdam şəhərini də atəş altında saxlayıb. Mərmilərdən biri də Muradovlar ailəsinin yaşadığı evə düşüb. Həmin vaxt evdə 12 nəfər olub. Onlardan 9 nəfəri ailənin üzvü, 3 nəfəri qonaq imiş.

Evdə olan hər kəs yaralanıb. Digərlərinin yarası çox ağır olmasa da, 30 yaşlı Vəzifə ilə 17 yaşlı Qaməddin onlar qədər şanslı olmayıb. Hər ikisi aldığı yaradan ölüb.

1993-cü ildə Ağdam işğal olunarkən, Rza Muradov yaralı həyat yoldaşını və digər yaralı övladlarını da götürüb şəhəri tərk edib. İki övladının məzarı isə Ağdamda qalıb.

Vətən müharibəsindən sonra doğma yurdlarına gedən bütün keçmiş məcburi köçkünlər kimi, Muradovlar ailəsinin üzvləri də əzizlərinin məzarlarını ziyarət ediblər.

q3

Firəngiz və Ələddin Muradovlar dağıdılmış qəbiristanlıqda doğmalarının məzarlarını tapıblar.

Ziya Əmirxanlı