Qəhrəmanlıq dərsi keçən şəhid müəllimlər...
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.
TNS-in bölgə müxbiri Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində canlarından keçən şəhid müəllimlər Vüqar Vəliyev və Mədət Qənbərovun evində olub.
Vəliyev Vüqar Emin oğlu 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Vüqar 2017-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəsində uğur əldə edərək pedaqoji fəaliyyətə başlayıb. Cəmi bir il müəllimlik edən Vüqar Vətən müharibəsi başlayanda məktəbi döyüş meydanına dəyişib. Strateji yüksəkliklərin azad olunmasında rəşadətlə döyüşüb. Vüqar Vəliyev 2020-ci il oktyabrın 17-də Tərtər rayonunun Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Mədət Qənbərov da 1995-ci il sentyabrın 26-da Ağdam rayonunda dünyaya gəlib.
Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirən Mədət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinə müraciət edərək, 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatlarına qatılıb.
2020-ci il oktyabrın 17-də şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əsgər Mədət Qənbərov ölümündən sonra “Vətən uğrunda” , "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Qeyd edək ki, Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşları rayondakı şəhid müəllimlərin ailələrinə baş çəkiblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ziya Əmirxanlı