"Nar" və "Bakcell" şəbəkələri Xankəndidə

Azərbaycanın azad edilmiş ərazilərinin sürətli dirçəlişinə öz töhfəsini vermək məqsədilə “Nar” geniş mobil şəbəkəsi ilə Qarabağı əhatə edir.
TNS xəbər verir ki, “Nar” Qarabağın və Şərqi Zəngəzurun bir çox yaşayış məskənlərini baza stansiyaları ilə artıq təmin edib.
“Nar” texniki heyəti Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran kimi yaşayış məntəqələrinin mobil şəbəkə ilə əhatə edilməsini qısa zamanda təmin edib. Həmçinin, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının əhalinin məskunlaşdığı və infrastruktur işlərinin aparıldığı ərazilərdə “Nar” şəbəkəsi abunəçilərə təqdim edilib.
***
Həmçinin “Bakcell” şirkəti də şəbəkəsini Xankəndi şəhərində uğurla istifadəyə verib. “Bakcell” artıq Ağdərə və Xocalıda fəaliyyətdədir.
Bununla da şirkətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quraşdırılmış baza stansiyalarının sayı 120-dən yuxarıya çatdırılıb.
Burada quraşdırılmış baza stansiyaları ilə “Bakcell” şirkəti Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan “VoLTE” xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abonentlərinin ixtiyarına verib.