Naxçıvan qazısı: "Cinsi zorakılıqda ittiham olunan şəxs din xadimi deyil"

"Sosial şəbəkələrdə cinsi zorakılıqda təqsirləndirilən və Naxçıvan kəndlərindən birində mollalıq etdiyi bildirilən, 1940-cı il təvəllüdlü şəxsin guya molla və ya din xadimi olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".
TNS xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov bilidirib.
Onun sözlərinə görə, həmin şəxs nə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, nə də Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın qeydiyyatında olan bir dini icmanın üzvüdür və dini fəaliyyətlə məşğul olmamışdır. Buna görə də onun din xadimi kimi təqdim olunması əsassızdır.
Xatırladaq ki, dünən bəzi saytlarda Naxçıvan Muxtar Respublikasının kəndlərindən birinin mollası olan 1940-cı il təvəllüdlü şəxsin həb edildiyi ilə bağlı xəbər yayılıb. Bildirilib ki, o, Cinayət Məcəlləsinin 150.1-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib və məhkəmə zalındaca qandallanıb.