Close

Naxçıvanda uşaqlar təhlükədədir

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində muxtar respublika ərazisində fəaliyyət göstərən uşaq bağçalarında təlim-tərbiyə alan uşaqlara 5 min ədəd D vitamininin paylanması üçün xeyriyyə aksiyasına başlanılıb.

Nazirliyin mətbuat xidmətindən yerli mediaya bildirilib ki, bu təşəbbüs muxtar respublika ərazisində ilk dəfə olaraq həyata keçirilir. Layihənin əsas məqsədi uşaqların sağlam inkişafına dəstək vermək, onların immun sistemini gücləndirmək və vitamin çatışmazlığının qarşısını almaqdır.

Aksiyanın açılışı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Naxçıvan şəhər 8 saylı uşaq bağçası-körpələr evində baş tutub. Tədbirdə Səhiyyə və Təhsil nazirliklərinin əməkdaşları, bağça direktorları, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının həkim heyəti və valideynlər iştirak ediblər. Mərasim uşaqlar üçün əyləncəli şou proqramı ilə davam etdirilib.

Layihə çərçivəsində Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının həkim heyəti muxtar respublika üzrə fəaliyyət göstərən uşaq bağçalarında tibbi müayinələr həyata keçirəcək, valideynlərlə maarifləndirici söhbətlər aparacaq və uşaqlara D vitamini paylanılmasını davam etdirəcək.

Bu xeyriyyə aksiyası muxtar respublikada uşaqların sağlamlığının qorunması və gələcək nəslin rifahının təmin olunması istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilib.

Bəs uşaqlara D vitamini hansı hallarda verilə bilər?

“Uşaqlara həkimlə məsləhətləşmədən, eləcə də aptekdən, qonşulardan hansı vitaminin daha güclü olması ilə bağlı məsləhətlər alaraq, kor-koranə müalicəvi dozalarda vitamin D vermək heç bir halda doğru deyil”.

Bunu TNS-ə açıqlamasında uşaq endokrinoloqu Nabat Ağayeva deyib.

Son zamanlar satışda müxtəlif yüksəkdozalı D vitaminlərinin olduğunu deyən həkim, bu amilin nəzərə alınmasının vacib olduğunu bildirib: “Satışda yüksək dozalı D vitaminləri var. Valideyn uşağa vitamin damcılarının sayını az verməklə düşünür ki, aşağı dozada verir. Cəmi 2-3 damcı verdiyini deyir. Halbuki bəzi hallarda həmin 2-3 damcı həftəlik dozaya bərabər olur”.

Uşaqlara heç bir göstəriş olmadan vitamin D verilməsinə, üstəlik miqdarın yüksək dozada olmasına gəlincə, həkim bildirib ki, bu, uşaqlarda bir sıra yan təsirlərə səbəb ola bilər: “Artıq vitamin D qəbulu böyrək daşlarına, ürəkbulanma, qusma, halsızlıq, başgicəllənmə kimi hallara səbəb ola bilər. D vitaminini qanda yoxlamadan yalnız proflaktik dozada, yəni 400-800 beynəlxalq vahid civarında vermək olar. Bu amil mütləq nəzərə alınmalıdır. Uşaqlarda heç bir şikayət olmadan qanda D vitaminini yoxlamaq da doğru deyil. Bu vitaminin miqdarını yoxlamaq üçün xüsusi göstərişlər olmalıdır . Əgər miqdar azdırsa, yalnız o zaman terapevtik dozada D vitamini verilə bilər”.

Nabat Ağayeva qeyd edib ki, uşaqlarda mütəmadi sümük ağrıları, əl və ayaqlarda əsmə, titrəmə və bir sıra başqa əlamətlər ola bilər ki, həkim yalnız o zaman D vitamininin miqdarını yoxalada bilər: “Bu da son zamanlar dəb halını alıb ki, əsası oldu-olmadı hər bir xəstəliyin səbəbi kimi vitamin D azlığı önə sürülür və uşaqlar lazımsız yerə müayinə və müalicəyə məruz qalır”.

Göründüyü kimi, Naxçıvanda daha bir ziyanlı aksiyaya start verilib. Əvvəla “Konstitusiya və Suverenlik İli” çərçivəsində D vitamini paylanması absurd və gülünc ideyadır. Uşaqlar vitamin qəbul etdikdən sonra gələcəkdə Konstitusiyamızı mükəmməl və daha dərindən öyrənəcəklər? Görəsən, belə məntiqsiz  ideya Naxçıvanda hansı məmurun “ağlının” məhsuludur? Deyəsən, Naxçıvanın səhiyyə naziri rəhbərlik etdiyi qurumda aparılan yoxlamalardan sonra başını itirib. Bu ziyanlı ideyanın bircə izahı var: büdcədən pul silmək. Əks təqdirdə, belə bir aksiya keçirilməzdi. Naxçıvanın Səhiyyə Nazirliyində bir ağıllı, savadlı həkim yoxdur ki, bu nazirə D vitamininin həkim göstərişi olmadan kor-koranə paylanmasının uşaqların sağlamlığına ziyanlı olduğunu izah eləsin? Deməli, məqsəd bəllidir: genefondumuzu məhv etmək bahasına varlanmaq. Bu, çox ciddi məsələdir. Azərbaycanın müvafiq dövlət orqanları təcili müdaxilə etməli, uşaqların sağlamlığının qorunması təmin olunmalıdır.