Naxçıvanda iqtisadi izahı olmayan yüksəliş - Böyük mənfəət əldə olunduğu halda, işçi sayı niyə azalır?
“Naxçıvanda əmək statistikası ilə bağlı heç kimin izah edə bilmək imkanı olmayan müəmmalar baş verir”.
“AzPolitika” bildirir ki, bu barədə iqtisadçı Toğrul Vəliyevin Muxtar Respublikanın iqtisadi göstəriciləri ilə bağlı hazırladığı araşdırmada bildirilir.
Qeyd olunur ki, rəsmi məlumata görə bölgədə əmək müqavilələrin sayı 3,7 dəfə artaraq 11,2 minə çatıb, amma eyni zamanda muzdlu işçilərin sayında azalma davam edir: “Belə ki, rəsmi statistikanın verdiyi məlumata görə bu ilin oktyabrın 1-nə bölgədə 59,9 min muzdlu işçi var idi. Bu isə əvvəlki il ilə müqayisədə 1%-lik azalma deməkdir. Bəs bu azalma hansı sahələri əhatə edir? Əsasən qeyri-dövlət sektorunu əhatə edir - dövlət sektorunda 2023-cü ildə 5%-lik azalma, 2024-cü ildə isə 3%-lik artım qeydə alınıb”.İqtisadçı yazır ki, bölgə üzrə işçilərin sayında azalma 51,5 mindir.
“Sadəcə 10 minin hansı sahələrdə məşğul olduğuna dair regional DSK-a məlumat vermir”, - o, qeyd edir.
Tovğrul Vəliyev yazır ki, Naxçıvan iqtisadiyyatında səbəbi bəlli olmayan müəmma mövcuddur və təəssüflər olsun ki, onu heç kim izah etməyə də çalışmır: “Məsələ təkcə əmək statistikası ilə bağlı deyil. Belə ki, Hesablama Palatasının məlumatına görə, 2024-cü ildə Naxçıvan vergi strukturları 21,7 milyon manat həcmində mənfəət vergisi toplamaq niyyətində idilər. Rəsmi proqnoz isə 13,2 milyon idi. Hesablama Palatası qeyd edir ki, "Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən təqdim edilən məlumatlara əsasən növbəti büdcə ili üçün tədiyyə növləri üzrə proqnozlaşdırılan daxilolmaların cari ilin gözlənilən icrasından 31,6 mln. manat aşağı olması əsasən cari il ərzində aksiz və mənfəət vergisi ödəyicilərinin əvvəlki illərdən qalıq boclarının ödənilməsi ilə əlaqələndirilmişdir.
Məsələ ondan ibarətdir ki, 2024-cü ildə aksiz və mənfəət vergisi üzrə proqnozlar 13,2 və 50,5 milyon manat təşkil etdiyi halda, gözlənilən icra 21,7 və 68,3 milyon manat təşkil edir. Yeri gəlmişkən, maraqlıdır, yeni büdcə layihəsi təsdiqləndiyi halda bu icra gözlənilmirdimi? Bu fərqi də məhz keçən illərdən qalmış borcların ödənişi kimi göstərirlər. Bir qədər başa düşülməyən məsələdir. Aksiz üzrə borclar faktiki olaraq müvafiq daxilolmanın 1/3-nə bərabər idi. Bu mümkündürmü?”
Araşdırmada daha sonra qeyd olunur: “Eyni zamanda qeyd olunur ki, 2023-cü ildə 434 vergi ödəyicisi mənfəət vergisini ödəmişdisə, 2024-cü ildə bu göstərici artıq 557-ə bərabərdir. Bir vergiödəyicisinin payına düşən orta vergi həcmi isə 25%(!) artıb. Yəni 2024-cü ildə bölgədə birdən birə mənfəət bumu qeydə alınıb. Nəyin hesabına bu qeydə alınıb - bəlli deyil. Belə ki, bölgə üzrə ticarət dövriyyəsi o qədər də ciddi artmayıb. Hətta yığılan ƏDV-nin həcmində artım mənfəət vergisində olan artımdan aşağıdır.Göründüyü kimi Naxçıvanda şirkətlərdə mənfəət daha da yüksəldiyi vaxtda və hətta daha yüksək mənfəətlər əldə etdikləri halda, işçi sayı azalmağa davam edir. Bəlkə bunun hesabına mənfəətləri artır?..”.