Close

13:07
15 Yanvar 2025
12:32
15 Yanvar 2025

Xəstə qohumunu öldürüb, Türkiyəyə qaçdı – Naxçıvanda dəhşət

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kərim Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS hadisənin təfərrüatını təqdim edir.

Hadisə ötən il iyunun 28-də Naxçıvan şəhərinin Tumbul kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü Rahib Abdullayev kəsici alətlə qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyədə saxlanılıb.

"Bir yumruq vurdum, yıxıldı"

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü ittihamlarda qismən təqsirli bilib. Qeyd edib ki, həmin gün axşam saatlarında qonaqlığa çağırıldığı kəndə gedib. Onun valideynləri də qonaqlıqda olub: “Məclisdə 100 qram araq içdim. Qonaqlıqdan evə gəldikdən sonra baxdım ki, siqaretim qurtarıb. Evdən çıxıb piyada siqaret almağa getdim. Rahib dükanında 4 nəfərlə yeyib-içirdi. Mənə də təklif etdilər, dedim ki, tələsirəm. Əl çəkmədilər, mən də onlarla oturdum. Dostları Rahiblə nəsil-kök zarafatı etdilər. Mən də Rahibin qohumu olduğum üçün ona irad bildirdim. Rahib gülə-gülə "sən özünü qoru, bizimkilərlə işin olmasın", - dedi. Aramızda mübahisə yarandı. Pivəmi içib dükandan çıxdım. Rahibin yanındakı dostu onu saktləşdirərək, “içkilidir, fikir vermə” dedi. Kafedən 20 metr aralanmışdım, gördüm, Rahib arxadan məni söyə-söyə gəlir. Rahib mənə çatıb, nalayiq söyüşlər söydü. Ona bir yumruq vurdum, yıxıldı. Oradan ayrıldım. Yoldakə bulaqda əl-üzümü yuyub evə getdim. Evə çatıb əynimi təzə dəyişmişdim ki, həyətimizdən Rahibin səsi gəldi. Çox pis söyüşlər söyürdü.

"Evimizdə anam ona yalvardı, o isə söydü"

Səsə ilk öncə anam çıxdı, Rahibə yalvardı ki, getsin. Rahib anamı da söydü. Anam gəlib mənim otağımın qapısını bağlayıb, açarı götürdü. Qışqırıb, anamdan açarı aldım. Çölə çıxanda Rahib əlindəki bıçağı mənə atdı. Bıçaq qolumu yaraladı. Arxaya çəkiləndə gördüm ki, stolun üstündə meyvə bıçağı var. Bıçağı götürüb, Rahibə çıxıb getməsini tapşırdım. Rahib yenidən ana-bacı söyüşü söyəndə dözə bilmədim. Bıçaqla onu vurdum. Atam çıxıb məni şillə ilə vurub, evdən qovdu. Sənədlərimi də götürüb taksi ilə hava limanına gəldim, oradan isə Türkiyəyə yollandım. Fikrim var idi ki, Türkiyədən Bakıya gəlib, bir müddətdən sonra Naxçıvana qayıdım. Türkiyə polislərindən öyrəndim ki, Rahib ölüb. Məni Türkiyədə saxlayıb, Azərbaycana təhvil verdilər”.

Məhkəmədə ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, Rahiblə Kərim bir mddət əvvəl də mübahisə edib: “Rahib hadisədən təxminən 10 gün əvvəl həmin mağaza-kafeni icarəyə götürmüşdü. Özü içki içmirdi, həkim ona qadağan etmişdi. Epilepsiya xəstəsi olduğu üçün müalicə alırdı. Rahibin üzünə və ya baş nahiyəsinə nəsə vuranda spazma keçirir, epilepsiya tuturdu.

35 manata görə törədilən qətl

Hadisədən 3-4 gün qabaq Rahibin itləri xəstələnmişdi, kafeni açmamışdı. Həmin vaxt Kərim Rahibin telefonuna zəng edərək, pivəxananı açmasını istədi, Rahib isə ona işi olduğunu dedi. Kərim buna görə Rahibdən incimişdi. Sonradan Rahib Kərimgilin qapısına gedərək onunla barışdı.

Hadisə baş verən gün təxminən gecə Rahibə zəng vurdum və evə gəlib-gəlməyəcəyini soruşdum. Dedi ki, yarım saata gələcək. Bir az sonra Rahib üz-gözü və maykası qanlı evə gəlib, qışqırdı. Dedi ki, Kərim onu küçədə döyüb. Soruşdum ki, niyə görə döyülmüsən? Dedi ki, Kərim şərurluları pis söydü. Kərimin kafeyə 35 manat borcu var idi. Rahib həmin borcu istədiyi üçün aralarında mübahisə yaranıb və Kərim onu döyüb. Rahib əsəbi halda dedi ki, Kərimi ölürəcək. Örtüklə qanını silib, eyvana çıxdı. Rahibin qarşısına keçib yalvardım ki, getməsin. Məni, qayınatasını və həyat yoldaşını itələyib yıxdı, yoldaşı xəsarət aldı. Rahib heç kimi eşitməyib, evdən çıxdı. O, Həsəngilə çatdıqdan sonra qışqırdı. Hadisə yerinə gedəndə gördük ki, Rahibi ikinci mərtəbədə uzadıb, üstünü örtüblər”.

Prosesdə şahid ifadələri başa çatandan sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə K. Hüseynov 12 il azadlıqdan məhrum edilib.

Samir Əli