Küçədə qadını söyən keçmiş məmura Naxçıvanda yüksək vəzifə verildi
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr müavini təyin edilib.
TNS xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Seymur Mənsum oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini təyin edilib.
Qeyd edək ki, Seymur Seyidov bundan əvvəl "Azərsu” ASC-nin sədr müavini olub.
Xatırladaq ki, Seymur Seyidovla bağlı bir müddət əvvəl mediada məlumatlar yayılmışdı. Sosial şəbəkələrdə yayılmış videogörüntüdə "Honda" markalı avtomobil sürücüsü bir xanım sürücü ilə söyüş davasına çıxmışdı. Dayanacaqda çəkilən videogörüntüdə xanımı söyən şəxsin “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov olduğu müəyyən edilmişdi. Həmin vəzifəli şəxs “Honda” markalı 90-XP-575 dövlət nömrə nişanlı avtomobil ilə xanıma aid olan avtomobili vuraraq oradan uzaqlaşırdı.
Bir müddət ictimai narazılığa səbəb olan hadisəni törədən bu şəxsin yüksək vəzifəyə təyin edilməsi düşündürücüdür. S. Seyidov ictimai qınağa tuş gəlməsinə baxmayaraq, daha yüksək vəzifəyə təyin edilib. Maraqlıdır, ictimai narazılıqdan sonra vəzifəsindən azad edilən S. Seyidov çox keçmədən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini təyin edilir. Mərkəzdəki biabırçı hərəkəti ilə gündəm olan şəxs indi gözdən uzaq Naxçıvana, əvvəlkindən də yüksək vəzifəyə təyin olunur. Belə çıxır ki, hər hansısa bir özbaşınalığa yol verdiyi üçün Bakıda işdən çıxarılanların əməllərini yaddan çıxarmaq üçün Naxçıvana göndərirlər ki, həm yaddan çıxsın, həm də gündəmdən düşsün? Bu hansı taktikadır? Naxçıvan özbaşına məmurların islah zonasıdır?