Close

Sabiq nazirdən Fuad Nəcəflinin açıqlamasına reaksiya: “Bu, düzgün deyil”

“Naxçıvanın 2025-ci il büdcəsinə Dövlət büdcəsindən ayrılan dotasiyanın həcmində azalmalar qeydə alınıb. Naxçıvan rəhbərliyinin verdiyi məlumata görə, bu ilin sonuna qədər muxtar respublikanın büdcəsində yerli gəlirlərin xüsusi çəkisi iki dəfədən çox artaraq, 20-25 faizdən 50 faizdək yüksələcəkdir. Belə bir artım istənilən büdcə üçün inqilabi bir dönüş hesab edilməlidir və təbi ki, bu rəqəmlər özlüyündə düşündürücü suallar yaradır”.

Bunu TNS-ə açıqlamasında sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib.

“Naxçıvanın iqtisadiyyatında nələr baş verdi ki, birdən birə onun büdcəsinin gəlirlərində yerli gəlirlərin payı iki dəfədən çox arta bildi?” – dəyə sabiq nazir sual edib.

Fikrət Yusifov bildirib ki, bu rəqəmlər səsləndirilərkən yerli gəlirlərin məhz hansı gəlir növləri üzrə necə artdığı barəsində məlumat təqdim edilərdisə, o halda yerli gəlirlərin nə hesaba belə sıçrayışla artdığını hər kəs şəffaf bir şəkildə görə bilərdi: “Lakin biz bunu görə bilmədik. Bildiyimiz qədər baş verən bu “artımlar” daha çox Naxçıvan büdcəsinin gəlir və xərclərində baş verən struktur islahatları ilə bağlıdır və onları tam olaraq iqtisadi inkişafla bağlamaq düzgün deyil”.

Professor deyib ki, Naxçıvana 2025-ci il üçün Dövlət büdcəsindən ayrılan dotasiyanın həcminin 34 milyon 816 min manat azaldılması bir sıra dövlət qurumlarının maliyyələşdirilməsinin mərkəzləşdirilməsi ilə bağlıdır.

“Yəni indiyə qədər hər hansı bir dövlət qurumunun saxlanması xərcləri Naxçıvana Dövlət büdcəsindən ayrılan dotasiya vasitəsilə ötürülürdüsə, indi o xərclər həmin qurumların Bakıda yerləşən baş təşkilatları vasitəsilə həyata keçiriləcəkdir. Bu da, öz növbəsində, Naxçıvan büdcəsinə mərkəzdən ayrılan dotasiyanın həcminin azalmasına və paralel olaraq Naxçıvan büdcəsinin xərclərinin azalmasına gətirib çıxarır.

Naxçıvanda bu günlərdə keçirilmiş maliyyə forumunda vəsaitlərdən istifadənin səmərəliliyindən çox danışılıb. Lakin biz yola saldığımız ildə Naxçıvanda vəsaitlərdən səmərəli istifadənin təşkil edilməsi sahəsində bir başqa mənzərənin şahidi olduq”, - Fikrət Yusifov bildirib.

Onun sözlərinə görə,  yola saldığımız ildə Naxçıvanda yerli hökumət bölgənin sosial iqtisadi inkişafı üçün dövlətin ayırdığı vəsaitlərdən səmərəli istifadə olunmasını təmin edə bilməyib.

“Nəticədə ölkə Prezidenti Naxçıvana Dövlət Proqramı çərçivəsində ayrılan vəsaitlərin həcmini cari ilin oktyabr ayında 179,1 milyon manat azaldılaraq öncə onu 249,1 milyon manatdan 70 milyon manata, noyabr ayında isə 28,3 milyon manat azaldaraq 70 milyon manatdan 41,7 milyon manata endirdi. Bu artıq çox mətləblərdən xəbər verən bir mənzərədir. Prezident “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” üzrə 2024-cü ildə nəzərdə tutulan tədbirlərin icrasına 249,1 milyon manat vəsait ayrılmasına qərar verir, Naxçıvan rəhbərliyinin proqramın icrasını təşkil edə bilməməsi səbəbindən isə sonda bu vəsaitin həcmini 207,4 milyon manat və ya 83,0%-dən çox azaltmağa məcbur olur.

Bir sözlə Naxçıvanda vəsaitlərdən istifadə sahəsində hələ çox işlər görülməlidir”, - professor əlavə edib.

Qeyd edək ki, dekabrın 18-də Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş maliyyə forumu keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli forumdakı çıxışında bildirib ki, əgər 2 il bundan öncə Naxçıvan Muxtar Respublikası büdcəsində yerli gəlirlər 20-25 faiz idisə, bu ilin sonunda yerli gəlirlərin həcmi 50 faizdən yüksək olacaqdır.