Close

Naxçıvan iqtisadiyyatı “şəffaflaşır” – 1 milyon 220 min manatı nağdlaşdırıb...

Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun istefasından sonra muxtar respublikda dayanlıqlı iqtisadi inkişafa nail olmaq üçün şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizə aparılması qarşıya qoyulan əsas vəzifələrdən biri kimi müəyyənləşdirildi. İnsafən deyək ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov bu sahədə qətiyyətli mövqe ortaya qoydu, Naxçıvana səfər etdi, muxtar respublikada vergi sisteminin qaydaya salınması üçün tədbirlər görüldü. Gözlənilirdi ki, Naxçıvanda bu sahədə şəffaflıq tam təmin olunacaq, əvvəlki dövrlərdə olduğu kimi, dövriyyəsi milyonlarla manat olan iri şirkətlər vergidən yayınmayacaq. Təəssüf ki, gözləntilər özünü doğrutlmadı. “Xan” yolu ilə getməyi “məqsədəuyğun” hesab edən Naxçıvanın rəhbər vəzifəli şəxsləri kiçik sahibkarlara böyük məbləğdə cərimələr yazmaqla proqnoza artıqlaması ilə əməl etdikləri görüntüsü yaradır, beləliklə, regionda kiçik və orta sahiblkarlığı sıradan çıxarır, milyonlarla manat dövriyyəsi olan şirkətlərin isə vergi ödəməməməsinə göz yumurlar.

Məsələn, Naxçıvanda fəaliyyət göstərən “Sərvət” İnşaat Məhdud Məsuliyyəti Cəmiyyətinin dövriyyəsi 2023-2024-cü illərdə 4 milyon manatdan çox olub. Şirkət cəmi 220 manat vergi ödəyib. “Zirvə qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə dövriyyəsi 3 milyon manatdan çoxdur. Bu MMC də vergidən yayınan şirkətlərdəndir. “Zirvə qrup” cəmi 190 manat vergi ödəyib.

Məlumata görə, dövriyyəsi milyonlarla manat olan “Güvən İnşaat”, “Güvən Ticarət”, “Optimal qrup” Məhdud Məsuliyyətli cəmiyyətləri də vergi ödəməyib.

Hələ bu harasıdır. TNS-in əldə etdiyi məlumata görə, adı çəkilən şirkətlərə rəhbərlik edən şəxlər külli miqdarda vəsaiti nağdlaşdırıblar. İddia olunur ki, Naxçıvanda fəaliyyət göstərən Mahmud Rüstəmov adlı sahibkar 1 milyon 220 min manat vəsaiti nağdlaşdırmaq üçün bəzi şübhəli əməliyyatlar həyata keçirib. Bəzi sahibkarlar isə Naxçıvana gətirib nağd qaydada satdıqları məhsulların vəsaitini “rəsmiləşdirmək” üçün bu əməliyyatlardan xəbəri olmayan sahibkarlara elektron qaimə-faktura təqdim ediblər. Bütün bunlar cinayət məsuliyyəti yaradır. Hesab edirik ki, muxtar respublikanın hüquq-mühafizə orqanları bu iddiaları araşdırmalıdır.

Azərbaycanda vergidən yayınma hallarının qarşısının alınması, nağdsız ödənişlərin genişləndirilməsi üçün ciddi tədbirlər görülür. Naxçıvandan daxil olan məlumatlardan isə görünür ki, muxtar respublikada bu sahədəki vəziyyət ölkəmizdə həyata keçirilən islahatlara adekvat deyil. Naxçıvanın indiki iqtisadiyyat naziri əvəzi Abbas İsmayılovun əvvəllər rəhbərlik etdiyi Dövlət Vergi Xidməti qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyib və yaxud bunu istəməyib.

Bəs nağdlaşdırılan vəsaitlər kimlərə verilib? Muxtar respublikanın iqtisadiyyat nazirinin vəzifələrini icra edən Abbas İsmayılov bütün bu qanunsuzluqlara niyə göz yumub? Vergidən yayınan sahibkarlar hansı vəzifəli şəxslərin kabinetlərində görünüb? Onlar hansı vəzifəli şəxslərə bahalı saatlar hədiyyə ediblər? Davamı olacaq...