Close

Sonuncu qərardan sonra muxtar respublika sakinləri soruşurlar: “Naxçıvanın rəhbəri yoxdur?”

Naxçıvan səhiyyə sistemində daha bir absurd və riskli qərar qəbul edilib. Şərur Regional Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilib.

Bu barədə TNS-ə Şərur rayonundakı xəstəxananın həkimləri məlumat veriblər.

Məlumata görə, bu gün “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsin baş həkimi Günel Abdinova doğuş şöbəsindəki tibbi avadanlıqları, küvəzləri xəstəxanadan çıxartdırıb, şöbənin isə ləğv edildiyini bildirib. Bu da o deməkdir ki, bundan sonra Şərur Regional Tibb Mərkəzinin Şərur rayonundakı xəstəxanasında doğuş olmayacaq.

Şərur Regional Tibb Mərkəzi muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını əhatə edir. Şərur rayonu Naxçıvan şəhəri ilə 70, Sədərək rayonu isə 100 kilometr aralı məsafədədir. Bundan sonra təcili doğuşa ehtiyac olsa, bu rayonlarda yaşayan hamilə qadınları Naxçıvan şəhərinə aparmaq məcburiyyətində qalacaqlar. Bu da insanların sağlamlığını təhlükə altına atmaqdır. Tibb sahəsi sürətlə inkişaf edən Azərbaycanda nəinki rayon mərkəzlərində, hətta böyük qəsəbə və kəndlərdə belə doğuş bölmələri yaradılır. Naxçıvan Muxtar Respublikasında isə 3 rayonun sakinlərinə xidmət edən doğuş şöbəsini ləğv edirlər. Bu fakt bir daha onu göstərir ki, Naxçıvan səhiyyəsində biabırçı vəziyyət hökm sürür. Muxtar rerspublika isə tamamilə idarəolunmaz vəziyyətə gəlib çıxıb. Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir, hansı vəzifəli şəxs özünə necə sərf edir elə qərarlar verir. Redaksiyamıza müraciət edən muxtar respublika sakinləri soruşurlar: “Naxçıvanın rəhbəri yoxdur?”

Ümid edirik ki, muxtar respublika rəhbərliyi tez-tez verilən bu sualı nəhayət cavablandıracaqdır.

Qarşı tərəfin mövqeyini ictimailəşdirməyə hazırıq.