Fuad Nəcəfliyə Prezidentdən xatırlatma: “Əgər kimsə problemləri malalamaq istəyirsə..."

“Dövlət Proqramında nəzərdə tutulan layihələr 2025-ci ildən sürətlə icra ediləcək”.
TNS xəbər verir ki, bu barədə COP29-un açılışında iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli jurnalistlərin suallarını cavablandırarkən deyib.
Səlahiyyətli nümayəndə bildirib ki, “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda nəzərdə tutulan işlər əsasən yerinə yetirilib, 2025-ci ildən isə proqamın icrası yeni mərhələdə davam etdiriləcək”.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə 2024-cü ildə 249 milyon manat vəsait ayrılmışdı.
Prezident İlham Əliyev oktyabrın 5-də “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.
Fərmana görə, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə ayrılan vəsait 3 dəfədən çox azaldılıb. Belə ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə 2024-cü ildə ayrılması nəzərdə tutulan 249,1 milyon manat məbləğində vəsaitin həcmi 179,1 milyon manat azaldılaraq, 70 milyon manata endirilib.
TNS-in əldə etdiyi məlumata görə, həmin 70 milyon manat vəsaitin 50 milyon manatı da istifadə olunmadığından dövlət büdcəsinə geri qaytarılıb. Qalan 20 milyondan isə cəmi bir milyon manata yaxın vəsait xərclənib. Göründüyü kimi, Dövlət Proqamında nəzərdə tutulan tədbirlər icra edilməyib. Fuad Nəcəfli isə deyir ki, proqramda nəzərdə tutulan işlər əsasən yerinə yetirilib. Əgər Dövlət Proqramında nəzərdə tutulan tədbirlər icra edilibsə, ayrılan vəsait niyə geri qaytarılıb? Ümumiyyətlə, cənab Nəcəfli nə dediyinin fərqindədir? Onun dediyi Prezidentin qəbul etdiyi qərarla tərs mütənasibdir. Fuad Nəcəfli ictimaiyyət qarşısına çıxmaq istəyirdisə, bacarmadıqlarını, etimadı doğrultmadıqlarını etiraf etməli, üzr istəməli idi. Amma o, bu qədər nöqsanlara rəğmən yenə vədlər verir, ictimaiyyəti aldatmağa cəhd edir.
Fuad Nəcəfli ötən dövrdə müsahibə və açıqlamalarında dəfələrlə qısa zaman ərzində bölgədə geniş quruculuq işlərinin başlanacağını bildirib.
Məsələn, Fuad Nəcəfli ötən ilin may ayında Naxçıvan televiziyasına müsahibəsində deyib: “Bizim məqsədimiz Naxçıvanda dövlət sifarişləri ilə bərabər, özəl sifarişlərin artırılması və bu özəl sifarişlərin bazarın tələbinə əsasən formalaşdırılmasından ibarətdir. Bu sahədə ciddi sıçrayışlar olacaq. Yaxın 2-3 ay ərzində Naxçıvan şəhərinin özündə çox böyük tikinti-inşaat sənayesi ilə bağlı işlər görüləcək. Özəl şirkətlərin güzəştli mənzillərin, sosial evlərin tikintisi ilə bağlı böyük bir layihəsi qarşımızdadır. Hesablamalarımıza əsasən, bu proses 3 minə yaxın yeni iş yerinin açılması ilə yekunlaşacaqdır”.
Bu fikirlərin səsləndirilməsindən 2-3 ay yox, düz 8 ay keçdi, ancaq Naxçıvanda geniş tikinti-quruculuq işlərinə start verilmədi. Cənab Nəcəfli ötən ilin dekabr ayında mediaya açıqlamasında həmin vədini vaxtı uzadaraq yenidən təkrarladı: “2024-cü ilin mart-aprel aylarından başlayaraq, Naxçıvan Muxtar Respublikasında tikinti işləri geniş vüsət alacaq və olduqca böyük infrastruktur layihələri icra olunacaq”.
Fuad Nəcəflinin bu vədindən 10 ay keçdi, Naxçıvanda yenə də heç bir iş görülmədi. Dövlət Proqramının icrasına ayrılmış 249 milyon manat vəsaitdən cəmi bir milyona yaxın xərclənibsə, hansı uğurlu işdən, nəticədən söhbət gedə bilər?
Səlahiyyətli nümayəndə indi də deyir ki, 2025-ci ildə hər şey yaxşı olacaq. O, növbəti dəfə “2 aylıq möhlət hüququndan” istifadə edib. Sözün bitdiyi yerdir.
Ölkəmizdə ən böyük nümunə Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı indiyə qədər verdiyi bütün vədlərə əməl edib. Elə bu məqamda ölkə rəhbərinin müdrik sözlərini xatırladırıq: “Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır”.