Close

Naxçıvanda daha bir absurd qərar – Ədliyyə Nazirliyinin bu işə nə dəxli var?

Oktyabrın 26-da Naxçıvan şəhərindəki “Saat Meydanı” İstirahət Mərkəzində “GreenFest”in açılışı olub.

Rəsmi çıxışlardan sonra “GreenFest” çərçivəsində keçirilən ekoloji startap layihələrinin qalibləri mükafatlandırılıb, sərgi ilə tanışlıq olub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sərgi ətraf mühitin mühafizəsinə həsr olunub. Sərginin keçirilməsində məqsəd müasir ekoloji problemlərin elm, texnologiya, startap təqdimatları və müxtəlif stendlər vasitəsilə ictimaiyyətə çatdırılması idi.

Bu tədbirlə bağlı yayılmış rəsmi məlumatdan aydın olur ki, muxtar respublikada COP29 və “Yaşıl dünya naminə həmrəlik ilinə hazırlıq”la bağlı yaradılmış İşçi qrupunun rəhbəri Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərovdur.

Açığı bu məlumatla tanış olanda düşündük ki, yəqin, səhvə yol verilib. Çünki Ədliyyə Nazirliyinin COP29 tədbirinə nə aidiyyəti var? Naxçıvandakı mənbələrdən dəqiqləşdirmə apardıqdan sonra öyrəndik ki, heç bir səhv yoxdur. Muxtar respublikada COP29-la bağlı yaradılmış İşçi qrupunun rəhbəri ədliyyə nazirinin müavinidir.

Beləliklə, Naxçıvanda Vasif Talıbovun rəhbərliyi dövründə olduğu kimi, mərkəzi hakimiyyətdən fərqli, daha bir absurd qərar verilib.

Bəs Bakıda necədir?

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un müəyyən edilmiş Prezidentidir. Muxtar Babayev bu vəzifəyə 2024-cü ilin yanvarında təyin edilib və daha əvvəl keçirilmiş beş COP-da Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edib.

2024-cü il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Təşkilat Komitəsinin sədri təyin edilib.

Komitənin tərkibində inklüziv və geniş tərkibdə təmsilçiliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il yanvarın 19-da və fevralın 22-də Komitənin tərkibinin genişləndirilməsi ilə bağlı yeni sərəncamlar imzalayıb.

Göründüyü kimi, Azərbaycanda keçiriləcək COP29-un müəyyən edilmiş Prezidenti ekologiya və təbii sərvətlər naziri, Təşkilat Komitəsinin sədri isə Prezident Administrasiyasının rəhbəridir. Azərbaycanın ədliyyə naziri və müavinləri COP29-la bağlı yaradılmış Təşkilat Komitəsinin heç üzvü də deyil.

Ölkədə belə olduğu halda Naxçıvanda COP29-la bağlı yaradılmış İşçi qrupuna ədliyyə nazirinin müavininin rəhbər təyin edilməsi başadüşülən deyil. Axı Naxçıvanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi var. O zaman belə anlaşılır ki, ekologiya və təbii sərvətlər naziri bu işin öhdəsindən gələ bilməyəcəyinə görə, İşçi qrupunun rəhbəri təyin olunmayıb. Muxtar respublikanın ekologiya və təbii sərvətlər naziri Xanlar Muxtafayev bu işin öhdəsindən gələ bilməyəcəyi təqdirdə belə Hüseyn Səfərovun İşçi qrupunun rəhbəri olması yenə də absurddur. Naxçıvanda bu vəzifəni yerinə yetirə biləcək xeyli səlahiyyətli şəxs var.

Görünür, Naxçıvanda hansı vəzifəli şəxsin nə işlə məşğul ola biləcəyini hələ də müəyyənləşdirə bilməyiblər. Dövlətçilik təcrübəsi, idarəçilik bacarığı olmayanda belə mənzərələr ortaya çıxır. Bunun başqa izahı yoxdur. Yəqin ki, Naxçıvan rəhbərliyi Vasif Talıbov kimi Bakıya meydan oxumaq fikrinə düşməyib...